ABŞ və Çin arasında yeni ticarət razılaşması: 60 milyard dollarlıq məhsula güzəşt
ABŞ və Çin qarşılıqlı ticarətdə ümumilikdə 60 milyard dollar dəyərində məhsula tətbiq olunan gömrük rüsumlarını azaltmaq barədə razılığa gəlib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ağ Ev hər iki tərəfin 30 milyard dollar dəyərində məhsulunu əhatə edən siyahıları açıqlayıb. Bununla belə, rüsumların dəqiq endirim faizləri və onların tətbiq qrafiki hələ müəyyən edilməyib.
Qeyd edək ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin Vaşinqtonda görüş keçirib.
AFP-nin məlumatına görə, Ağ Ev Si Cinpinin səfərindən sonra “həssas olmayan mallar” kateqoriyasına daxil olan məhsullara daha əlverişli tariflərin tətbiq edilməsini tövsiyə edib. Pekin rəhbərliyi də əldə olunan razılaşmanı təsdiqləyib.
İki ölkə arasında gömrük rüsumlarının bir müddət 100 faizdən yuxarı qalxdığı qarşılıqlı cavab tədbirlərindən sonra tərəflər ilk dəfə ötən il Cənubi Koreyada keçirilən liderlər sammitində ticarət atəşkəsi barədə razılığa gəliblər.
ABŞ-ın maliyyə naziri Skott Bessent noyabr ayında başa çatması planlaşdırılan bu razılaşmanın yanvarın 10-dək uzadıldığını bildirib.
Çinin Ticarət Nazirliyi ticarət atəşkəsinin iki ay uzadılmasının hər iki tərəfə iqtisadi problemlərin həlli planını qiymətləndirmək imkanı verəcəyini açıqlayıb. Bildirilib ki, bu addım şirkətlər arasında əməkdaşlıq üçün daha proqnozlaşdırılan mühit yaradacaq.
ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, ABŞ-Çin Ticarət Heyəti çərçivəsində əldə olunan razılaşma ABŞ-ın Çinə ixracının təxminən 30 faizi üçün bazara çıxışı genişləndirəcək.
Hansı məhsullara rüsumlar azaldılacaq?
Vaşinqton administrasiyasının açıqladığı siyahıya əsasən, ABŞ hava fişəngləri, Yeni il bəzəkləri və ağac işıqları, süni güllər, məişət əşyaları, uşaqlar üçün avtomobil oturacaqları, oyuncaqlar, idman avadanlıqları, süfrə ləvazimatları, yorğanlar, çarşaflar, qəhvə dəmləyənlər və çörək qızardanlar kimi kiçik məişət texnikası da daxil olmaqla 77 məhsul kateqoriyasına tətbiq edilən gömrük rüsumlarını azaltmağı planlaşdırır.
Çinin idxal siyahısında isə qarğıdalı, buğda, sorqo, ət məhsulları, dəniz məhsulları, süd məhsulları, bitki yağları və jmıx, viski, tibbi cihazlar, kosmetik məhsullar, meşə materialları və taxta məhsulları, eləcə də kömür daxil olmaqla 1600-dən çox Amerika məhsulu yer alır.
Reuters-in məlumatına görə, ABŞ-ın Çinə ən böyük kənd təsərrüfatı ixrac məhsulu olan soya Çinin açıqladığı rüsumların azaldılması siyahısına daxil edilməyib.
ABŞ mənşəli soya Çinin bazarında hazırda əlavə 10 faizlik gömrük rüsumuna tabedir. Sektor nümayəndələri bu vergi yükünün özəl sektora məxsus emal müəssisələri üçün qarşılanması çətin olan xərc yaratdığını bildirirlər.
Pekin ötən il əldə olunan razılaşma çərçivəsində illik 25 milyon ton alış öhdəliyi əsasında ABŞ-dan böyük həcmdə soya almağa davam edir.
Çinin dövlətə məxsus kənd təsərrüfatı şirkətləri “Sinograin” və “COFCO” Ağ Evin açıqladığı illik kvotanın təxminən yarısına bərabər olan 12 milyon tondan çox ABŞ soya məhsulu alıb.
Pekinin soya istisna olmaqla digər kənd təsərrüfatı məhsullarına tətbiq edilən rüsumları azaltması Ağ Evin irəli sürdüyü illik 17 milyard dollarlıq kənd təsərrüfatı məhsulu almaq öhdəliyinin yerinə yetirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.
Çin tərəfi isə hələlik bu həcmdə alış hədəfini rəsmi şəkildə təsdiqləməyib.
Enerji, süni intellekt və maliyyə sahəsində razılaşmalar
Sammitdə əldə olunan digər razılaşmaya əsasən, Çin 2027 və 2028-ci illərdə ABŞ-dan hər il ən azı 10 milyon metrik ton kömür idxal edəcək.
Bu həcm Çinin illik kömür idxalının təxminən 2 faizinə bərabərdir. Siyahıda mayeləşdirilmiş təbii qaz (LNG) və neft yer almayıb.
Çinin Ticarət Nazirliyi Amerika kömürünün idxalının daxili bazarı dəstəkləyəcəyini, ABŞ-ın kömür sektoruna gəlir və məşğulluq təmin edəcəyini açıqlayıb. İki ölkə həmçinin ilin sonuna qədər kənd təsərrüfatı üzrə işçi qrupunun yaradılması barədə qərar qəbul edib.
Liderlər süni intellekt sahəsində mümkün insidentlərlə bağlı birbaşa kommunikasiya kanalının yaradılması və noyabrın sonunadək bu istiqamətdə dialoqun davam etdirilməsi barədə də razılığa gəliblər.
Çin hökuməti, həmçinin ABŞ kapitalı ilə fəaliyyət göstərən şirkətlər də daxil olmaqla, xarici maliyyə xidmətləri şirkətlərinin ölkədə filial açmasına və fəaliyyət göstərməsinə dair müraciətlərə baxaraq onları təsdiqləyəcəyini açıqlayıb.
İki ölkə arasında birbaşa uçuşların sayının artırılması ilə bağlı təmasların davam etdiriləcəyi bildirilib.
Sammitdə əldə olunan razılaşmalara baxmayaraq, bazar ertəsi Çin birjalarında kəskin ucuzlaşma müşahidə olunub.
İnvestorların razılaşmanın konkret detallarını yetərli hesab etməməsi, həmçinin ABŞ Konqresində Çin istehsalı komponentlərin məlumat mərkəzlərində istifadəsinin qadağan edilməsinə yönəlmiş iki partiyalı təşəbbüsün texnologiya şirkətlərinin səhmlərinə təzyiq göstərməsi fonunda Şanxay və Şençjen birjalarını izləyən CSI300 indeksi 2 faizdən çox geriləyərək son bir ilin ən aşağı səviyyəsinə düşüb.












