ru

Müsahibə

20 Noyabr saat 11:20

Qarakənd faciəsi və dövlət katibi Tofiq İsmayılovun ailəsinin əbədi acısı – FOTO

Qarakənd faciəsi və dövlət katibi Tofiq İsmayılovun ailəsinin əbədi acısı – FOTO

Müstəqil Azərbaycanın tarixində ən faciəvi hadisələrdən biri – 1991-ci ilin 20 noyabrında erməni terrorçularının Mİ-8 helikopterinin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında atəşə tutması nəticəsində göyərtədə olan bütün sərnişinlər və ekipaj üzvlərinin həlak olmasının ildönümü yaxınlaşır.

Bu insanlar Azərbaycanın görkəmli dövlət və hökumət xadimləri, həmçinin Rusiyadan və Qazaxıstandan gələn müşahidəçilər idilər – dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfi Hacıyev, deputatlar: Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru İqor Plaviskiy, Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik şöbəsinin rəisi Serqey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jınkin, Qazaxıstanın daxili işlərinin nazirin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, jurnalist Alı Mustafayev, AzTV-nin işıqçısı Arif Hüseynzadə, video-operator Faxrəddin Şahbazov, helikopter heyətinin komandiri Vyaçeslav Kotov, ekipaj üzvləri Gennadiy Domov və Dmitri Yarovenkodur.

Qarakənd səmalarında baş verən faciənin ildönümü ərəfəsində görkəmli alim, dövlət və ictimai xadim Tofiq İsmayılovun qızı – Səbinə İsmayılova ilə söhbət etdik. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:

- Səbinə xanım, atanızı necə xatırlayırsınız?

- Atamla çox möhkəm dost idik. Onunla bir çox mənəvi bağlarımız vardı, atamla ruhən yaxın idik. Lap kiçik yaşlarımda atam ezamiyyətə getdikdə həmin günü hərarətim yüksələrdi, atam bunu hiss edərdi, çünki dərhal zəng vururdu, anam da hər şeyi ona danışırdı.

Hələ erkən yaşlarımdan, dörd-beş yaşım olanda onunla hər yerə – işə, instituta, hətta o, şənbə və bazar günləri işləyəndə və ya nümayəndələri qəbul etdikdə mən onun yanında idim, çünki ondan ayrı qala bilmirdim. Atama çox bağlı idim. Hətta dil açanda ilk sözüm “ata” olub. Təsəvvür edin, 4 aylıq olanda dörd dişim çıxıbmış, hər kəs heyrət içində olub, nənəm – atamın anası bütün bunları danışarkən deyirdi ki, atan həmişə kosmos haqda düşünüdü, ona görə sən də “kosmik uşaq” olaraq doğulmusan.

Hətta indi – atamın xatirəsinə etiramla yanaşanlar üçün hər şey etməyə hazıram, mənfi yanaşanlara isə atama görə daxilən çox qəzəbliyəm.

- Atanız necə insan idi?

- Çox sevən, diqqətli, qayğıkeş biri idi. Moskvada olarkən qəfildən evimizə – anama və ya mənə gül dəstəsi göndərərdi. Qızım olanda o dedi: “Artıq bitdi, sən ikinci plana keçdin, indi mənim üçün ən başlıcası – Lalədir”. O zaman ondan bərk incidim, daha sonra, barışanda, onun həyatında birinci yerdə hər zaman mən olacağımı söylədi.

Mənə elə gəlir ki, bütün bunlar bizim aramızda dərin mənəvi yaxınlığın olmasından irəli gəlirdi. Biz bir-birimizi yarı sözdən, yarı baxışdan anlayırdıq.

Atam böyük hərflərlə yazılan bir insan idi. Ailəcanlı idi, anamı çox sevərdi, onu yüksək qiymətləndirərdi. İşdən gələn kimi dərhal anamın yanına gedərdi – salamlaşardı və öpərdi. O, anama çox incə, həssaslıq və hörmətlə yanaşardı. Anam da onun gəlişinə hər zaman saçı səliqəli, bər-bəzəkli və gözəl geyimdə hazırlaşardı. Onların böyük məhəbbəti olub. Atam təbiətcə ailəcanlı insan idi.

Onun çiyinlərində ağır yük vardı. Lakin işdən evə gəldikdə bütün olanları qapının arxasında qoyaraq içəriyə tamamilə başqa bir insan kimi daxil olardı. O, bilirdi ki, burada onu sevən və gözləyənlər var. Bu, bizim ailə ənənəmiz idi. Heç vaxt ailəmizdə kiminsə gəlib ayrıca şam etməsi və öz otağına çəkilməsi olmayıb. Biz hər zaman ailəliklə masa arxasında əyləşərdik, masada hər birimizin öz yeri vardı. Bəli, biz çox mehriban ailə idik. Onun gedişindən sonra mənim üçün həyat bitdi, indi yalnız qızım, anam və ailəm üçün yaşayıram.

- Sizin qardaşınız var?

- Bəli, Mirheydər – onu atamın babasının şərəfinə adlandırmışıq. Qardaşım Moskva Aviasiya İnstitutunu bitirib, uzun müddət burada işləyib, indi isə Moskvadadır, “Roskosmos”da işləyir.

- Bəs onun atanızla münasibəti necə idi?

- Onların münasibəti sırf kişi münasibəti idi. Məni isə atam ərköyün edərdi. Bir dəfə anamın rəfiqəsi söylədi ki, atam məni həddindən artıq ərköyünləşdirir, atam isə cavabında: “Axı bilmirik, onun taleyi, həyatı necə olacaq, hələki evimizdədir, istədiyini etsin”. Atam bir tərəfdən müasir və demokratik, digər tərəfdən ənənəpərəst və müəyyən mənada tipik azərbaycanlı kişiləri kimi mühafizəkar idi.

Sizə bir əhvalat danışım: toyum günü makiyajımı çox parlaq etdim – o zamanlar bu, çox dəbdə idi. Otağımdan çıxanda atam xətrimə dəyməyərək, incəliklə dedi: “Qızım bu, həddindən artıq deyil?” Mən dedim: “Ata, axı mənim toyumdu. Bir anama bax, gör gözlərini necə parlaq bəzəyir, həm göz kölgəsi, həm karandaş, həm də tujdan istifadə edir”. Atam isə: “Görürsən, görmə qabiliyyətini bax beləcə korlayıb”.

Atam hər zaman deyərdi ki, qadın gözlərinə sürmə çəkməlidir – bu, həm gözəldir, həm də gözlərə faydası var. Bilirsiniz, qızım atamın dediklərindən xəbəri olmadan, makiyaj etməyə başladıqda sürmədən istifadə edirdi. Bütün bunları qızıma söylədikdə indi babasının xoşuna gəldiyi üçün edir.

- Yəqin ki, qızınızı da çox istəyərdi.

- Olduqca çox. Təsəvvür edin, qızım üçün sıyıq bişirərdi. Bir dəfə mənə fəxrlə söylədi ki: “Bax, uşaq sıyığı bişirməyi öyrənmişəm”. Mənsə gülərək: “Ata, çox yaxşı, gecələr oyanmaq mənimçün çox çətin idi”.

İndi Lalə böyük qızdır, rəssamdır, babasının mizeyində çalışır. Qızımı anamın şərəfinə adlandırmışıq. Artıq sizə söyləmişəm ki, atam və anam bir-birlərinini necə sevirdilər.

Bilirsiniz, atam ezamiyyətə getdikdə tez-tez anama zəng edərək deyərdi: “Sən də gəl, bura çox darıxdırıcıdır”. Anam da bütün işlərini bir kənara qoyaraq, bilet alardı, qardaşımla məni nənəmin yanına qoyaraq atamın yanında uçardı. Belə zamanlarda məni aldadardılar.

Anam ya səhər erkən, ya da gecə vaxtları üçün bilet alardı. Və mən yatamda gedərdi. Mən oyandıqda anlayırdım ki, anam gedib, nənəm məni sakitləşdirərdi ki, atana kömək lazım idi, anan da oraya gedib ki, ona kömək etsin. Çox sonralar anladım ki, atama heç bir kömək lazım deyildi, sadəcə o, anam üçün darıxırdı.

Atam nümayəndələrin tərkibində xaricə gedərdi, anam isə turist kimi onun arxasınca. Onlar ayrı-ayrı otellərdə qalardı, atam işlərini bitirdikdə onlar danışaraq görüşərdi, birlikdə şəhəri gəzərdilər. Onların münasibəti belə idi. Onlara birlikdə çox xoş və maraqlı idi.

Anam atamın belə gedişini çox ağır keçirdi... Axı anam təbiətcə çox mülayim idi. Atam zarafatca deyərdi ki, onunla tanış olanda anam sadəcə üç söz deyərdi: “Salam, təşəkkür edirəm və sağ olun”. Baş verən faciədən sonra evə gəldikdə (həmin gün Lalə ilə xalamgildə qaldılar) anam atamın kabinetinə daxil olaraq qəfildən qışqırdı: “Tofiq, sən neylədin?” Bilirsiniz, hələ də həmin qışqırığı xatırlayıram... Bu, çox dəhşətli idi...

Anam çox fikir edirdi. Hətta indi də söyləyir: “Sizlər üçün ürəyim rahatdı. Sizin ailəniz, uşaqlarınız var, lakin atanız üçün çox darıxıram”. Bütün bunlar baş verəndə anam çox gənc idi, onun sadəcə 45 yaşı vardı. Atam isə anamdan 13 yaş böyük idi.

- Onlar necə tanış olublar?

- Atam ilk baxışdan anama vurulub. Anam axı çox gözəl olub. Atam Moskvada təhsilini bitirdikdən sonra Bakıya qayıdaraq, Politexnik İnstitutunda müəllim işləməyə başlayıb. Anam isə oraya rəfiqəsi üçün, onun çertojlarını çəkməyə gedərdi. Orada atam onu görüb. Və ilk baxışdan vurulub. Və anamın rəfiqəsinə deyib ki, onula evlənmək istəyir. Rəfiqəsi isə deyib: “Tofiq müəllim, sizin aranızda heç nə alınmayacaq, çünki yaş fərqiniz çoxdur”. Atam isə inadkarlıqla: “Alınacaq. Hər nə olursa olsun, mən onunla evlənəcəyəm”. Və həqiqətən də hər şey alınır. Atam anamı özünə sevdirməyi bacarır və elçilik üçün valideynlərini göndərir. Adətimizə görə, babam öz qardaşına, Zeynal əmiyə zəng edərək anamın atasını tanıdığını soruşur. Və belə alınır ki, o onu sadəcə tanımır, çox yaxşı tanıyır – çünki onlar birlikdə müharibədə döyüşüblər. Beləcə anamı nişanlayıblar.

Nənəm, anamın anası yaş fərqinə görə ilk olaraq anamı atama vermək istəmirmiş. Babamla Zeynal əmi gəldikdə, onlar görüşüb-qucaqlaşdıqdan sonra keçmişi xatırlayıblar, nənəmsə deyib: “Vəssəlam, qız getdi”. Bilirsiniz, anamgil dörd bacı olublar. Və kürəkənlər içərisində ən çox nənəm atamı çox istəyərdi. Babam – anamın atası isə deyərdi ki, atamın böyük elmi gələcəyi var. Və hər ikisinə bunu görmək nəsib olur. Atamın anasına isə atamı dövlət katibi vəzifəsinə təyin edildiyini də görmək nəsib olub.

- Onlardan heç biri sağ qalmayıb?

- Xeyr. Nənəmin 40 mərasimin səhəri atam vəfat edib. Noyabrın 19-da 40 mərasimi idi, 20-də isə atam həlak oldu. Həmin gün noyabrın 19-da qəribə hadisələr oldu – evimizdə işıqlar söndü. Atama zəng etdim, o da sürücüsü ilə ustanı evə yolladı, lakin işıqlar yanmadı.

İşıqlar noyabrın 20-də, atam həlak olduqdan sonra yandı. Həmin günü hava da çox soyuq idi – külək, leysan, sanki səma da onun arxasınca ağlayırdı. Dəfn mərasimində isə hava günəşli idi. Bunu ona görə söyləyirəm ki, həqiqətən də taleyin müəyyən əlamətləri var.

- Atanızı sonuncu dəfə nə vaxt gördünüz?

- Noyabrın 19-da institutdan çıxaraq onun iş yerinə getdim ki, birlikdə evə gedək. O isə mənə dedi: “Bilirsən, mənə Qorbaçov zəng etmişdi – məni yeni təyinatımla əlaqədar təbrik etmək qərarına gəlib”. Qorbaçov atamdan nifrət edərdi, çünki atam hər zaman hər yerdə bütün dünyaya bağıraraq yanvar faciəsinin əsas günahkarı məhz onun olduğunu söyləyərdi.

Beləcə atam məni evə gətirək getdi. Atama zəng edib ustanın gəldiyini, lakin işıqların hələ də yanmadığını söylədikdə ondan soruşdum ki, nə edək, o dedi ki, səhər Qarabağa uçur, anam Lalə ilə xalangilə getsin, axşam o da oraya gələcək. Mən gəlnimizin yanın getdim ki, o tək qalmasın, həmin vaxt qardaşım Moskvada idi.

Axşam atam da xalamgilə gəldi və buradan getdi. Bilirsiniz, həmin gecə çox qəribə oldu. Qızım Lalə səhərə qədər ağladı. Həmin hadisə İsmət müəllimin evində də təkrarlanmışdı. Onun balaca nəvəsi səhər qədər qışqırmışdı, Rafiq müəllimgildə də eyni şeylər olmuşdu. Bütün bunları sonralar bildik. Yəqin ki, uşaqlarda hissetmə qabiliyyəti güclüdü, ondan irəli gəlir.

Anam indiyə qədər özünü bağışlaya bilmir – 20 ildən artıq evli olduqları bir müddətdə anam nə qədər ev işlərindən yorğun olmasına baxmayaq, hər zaman atamı yola salıb və qarşılayardı. Həmin gecə isə, Laləni yatırda bilmədiyindən çox yorğun idi, buna görə də səhərə yaxın yuxulamışdı. Buna görə də oyanaraq atamı yola sala bilməmişdi. Anam söyləyir ki, gedərkən atam əyilərək anamı və Laləni öpüb: “Yuxulu vəziyyətdə gözlərini açaraq onu tanımayaraq dedim: “Tofiq hanı?” O isə deyib: “Lalə, bu mənəm, yat, mən gedirəm”. Sağollaşaraq gedib, anam isə yenidən yatıb.

Atamın sürücüsü Tahir əmi anama deyib ki, bloka yaxınlaşdıqda, Tofiq müəllim eyvana baxırdı, bəlkə siz çıxacaqsınız deyə. Anam da bunu indiyə qədər özünə bağışlaya bilmir. Anam da onunla getmək istəyirdi. Atam isə deyirdi ki, bu, başqa vəziyyətdir, çox ciddi iclas olacaq, “Sənə söz verirəm ki, 4 saatdan sonra Bakıda olacağam”.

Sonra isə şübhəli zənglər gəlməyə başladı: “Necəsiniz?, Tofiq gəldi?” – ola bilsin ki, kimlərsə baş verənləri eşitmişdi, soruşmaq üçün zəng edirmiş. Anamla mən heç nə bilmirdik.

- Hadisədən necə xəbərdar oldunuz?

- Televizordan. İndiyə qədər xatırlayıram ki, xəbərləri mərhum Rafiq Hüseynov oxuyurdu. Mən isə əllərimi sıxaraq soyadlarına qulaq asırdım. Ümid edirdim ki, kimsə sağ qalacaq... Atamın adını eşitdikdə hər tərəf qaraldı. Sonra mənə nə oldu xatırlamıram. Həmin günü qardaşımgildə idi, xatırlayıram ki, evə gəldikdən sonra özümü eyvandan atmaq istəyirdim. Xalam məni qucaqladı və sonralar məni gözdən qoymurdular.

Qardaşım isə baş verənləri “Vremya” proqramından eşidən kimi anama zəng etdi, anam isə olanları ondan gizləmək üçün dedi ki, atam yaralanıb və o, dərhal Bakıya dönsün. Qardaşım hər şeydən aeroportda xəbər tutub. Orada Bakıya bilet olmayıb. Kimsə bilib ki, qardaşım kimin oğludur öz biletini ona verib. Əlbəttə bütün bunlar çox dəhşətli idi...

- O zaman neçə yaşınız vardı?

- On doqquz.

- Aradan uzun illər keçməsinə baxmayaraq həmin yara hələ də ağırdır?

- Deyirlər ki, zamanla hər şey yüngülləşir. Belə deyil. Elə indi də ağırdır. Sadəcə indi başqa zərbələri daha asanlıqla qəbul edirəm.

Həyatımızda nəsə xoş bir hadisə baş verdikdə hər zaman atamı xatırlayıram “Kaş atam bunları görəydi, yaxşı olardı” və hansısa problemlə qarşılaşdıqda “Atam sağ olsaydı hər şey başqa cür olardı”. O, Lalənin toyunu görmək arzusunda idi... Qızım üçün atam sağdır. O, atamla xəyalən danışır. Bəzən ciddi şəkildə ondan inciyir ki, o niyə getdi? Qardaşımın qızı da atamı çox sevir, onunla fəxr edir. Biz məxsusi olaraq onlara heç nə söyləməmişik, sadəcə atamın xatirəsinə olan münasibətimiz onlara da keçib.

Bilirsiniz, 7 il öncə, faciənin ildönümü ərəfəsində noyabrın 19-da Lalə emalatxanasında babasının porterini evə gətirdi. Sən demə, Lalə uzun müddət onun rəsmini çəkib və bu barədə heç kəsə bir söz deməyib. Atamın adına yaradıclıq sarayında keçirilən ilk şəxsi sərgisini qızım atama həsr edib. Onun işlərinin çox hissəsi kosmosla bağlı mövzulara həsr olunmuşdu. Atamın həvəsi ona da keçib. Eləcə də atamın xarakteri də.

- Atanızı yuxuda görürsünüz?

- Tez-tez. İlk dəfə faciədən yeddi gün sonra gördüm – görürəm ki, “Qaqarin körpüsü” güllərlə əhatələnib. Atamda orada dayanaraq deyir: “Qızım, bura gəl, xahiş edirəm”. Biz oraya daxil olduqda: “Görürsən, mənə çox xoşdur, mən cənnətdəyəm. Buna görə də ağlama. Mənə söz ver ki, ağlamayacaqsan”.

Bilrisiniz, helikopterdə olanların hər biri cəmiyyətimiz üçün çox əhəmiyyətli insanlar idi. Ölkəmiz, xalqımız üçün əlbəttə bu, ağır itki idi. Mənə hər zaman deyirlər: “Onlar evdən getmədilər, eldən getdilər” və bu, həqiqtən də belədir. Axı onlar vətən üçün çox şey edə bilərdi.

Dəfn mərasiminə çox insan gəlmişdi. Hətta elə insanlar gəlmişdi ki, biz onları tanımırdıq. Onlar elə-belə gələrək, başsağlığı verirdilər, dəstəklərini bildirirdilər. Ola bilsin ki, bu, xalqın sevgisi idi. Düşünürəm ki, onlar sağdır, çünki xalq onları unutmayıb. Hətta indi, başqa şəhərə gedəndə, kimin qızı olduğumu xəbər tutanlar gələrək atamın xatirəsini etiramla yad edirlər. Bəzən işdə əməkdaşlar deyir: “Tofiq müəllim sağ olsaydı yaxşı olardı”. Atam hər kəsə hörmətlə yanaşırdı. Son 12 ildə orada heç bir elmi tədqiqatlar aparılmayıb, layihələr keçirilməyib. İndi isə quruma atamın tələbəsi rəhbərlik edir və biz normal iş ritmini bərpa etmişik.

- Hansı qurumu nəzərdə tutursunuz?

- “Kaspi” Elmi Mərkəzini. Buranı yaratmaq üçün atam 70-ci illərdə onu hələ gənclik dövründən, Naxçıvandan tanıyan Heydər Əliyevə müraciət edir. Heydər Əliyev ailəmizi, babam Kazımı tanıyırdı.

Deyim ki, “Kaspi” Elmi Mərkəzinin maraqlı tarixi var. Heydər Əliyev bu təşəbbüsü təsdiq etdikdən bir necə gün sonra atam “Kaspi”nin yaradılması ilə məşğul olur. Ona Moskvadan zəng edirlər ki, ermənirlər də elmi mərkəz yaratmaq istəyirlər və adını “Kaspi” adlandırmaq istəyirlər.

- Ermənilər və “Kaspi”?

- Təsəvvür edin. Atam dərhal bu haqda Heydər Əliyevə məlumat verir və ümummilli liderimiz elə gecə ikən Elmlər Akademiyasında “Kaspi” Elmi Mərkəzinin yaradılması ilə bağlı sənəd imzlayır. Atamı da həmin mərkəzə direktor təyin edir. Beləcə erməniləri qabaqladıq.

Elmi Mərkəz üçün Fizika İnstitutunda yer ayrıldı. Bir dəfə Heydər Əliyev Bakıya gələndə instituta gəlir. Atamın otağına daxil olduqda, orada bir otaqda 20 əməkdaş çalışırdı. Bunu görən Heydər Əliyev universitetin yaxınlığında elm mərkəz üçün ayrıca ikimərtəbəli yer ayırtdırır.

Vaxt tamam olduqda mərkəz genişləndi və Kosmik Tədqiqatlar və Təbii Sərvətlər İnstitutu adını aldı. Daha sonralar isə Kosmik Tədqiqatların Elmi-İstehsalat Birliyinə yüksələrək nəticədə burada Kosmik Tədqiqatlar İnstitutu, Konstruktor bürosu, Cihazqayırma Zavodu, İnformatika İnstitutu, Ekologiya İnstitutu yaradıldı.

Sonralar isə Naxçıvanda, Lənkəranda, Qusarda, Mingəçevirdə və Ağdamda Elmi-Tədqiqat Birliyinin filialları açıldı. Atam şəxsən istedadlı tələbələri seçərək onları gənc mütəxəssis kimi bu filiallarda işləmək üçün göndərərdi. Həqiqətən də o, böyük işlər görürdü. İndi isə, yanvardan başlayaraq biz onun işlərini davam etməyə çalışacağıq.

Taleyin hökmü ilə atamın muzeyinin direktoru oldum, orada onu zəngin arxivini: məqalələrini, qəzet reportajlarını, foto-şəkillərini, müəlliflik şəhadətnamələrini topladım. Atam bütün bunları evə gətirərək mənə verirdi və tarix üçün saxlamağımı rica edərdi.

Hazırda Kosmik Elmi-Tədqiqat və İstehsalat Birliyinin yaranmasının 45 illiyinə həsr olunmuş iki böyük elmi konfransa hazırlaşırıq. Konfrans ərzində atamın ixtiraları ilə bağlı mövzular müzakirə ediləcək.

- Son zamanlar mətbuatda Tofiq İsmayılovun ailəsinin böyük problemlərlə qarşılaşdığı ilə bağlı məlumatlar yer alır.

- Bəli, bu belədir. Vicdansız, şərəfsiz insanların günahı ucbatından mənzildən məhrum olduq. Bizi alçaqcasına aldatdılar. Və bunu yad adam deyil, atamın onun üzərində böyük əməyi olan  əməkdaşı, onun tələbəsi etdi. Atam hətta onun dissertasiysında öz əməyinin bir hissəsini istifadə etməyə belə icazə vermişdi. O, bizim etibarımızı qazandıqdan sonra hiyləgər yalanla bizə “minnətdarlığını” bildirdi. Bu, çox ağrılı və kədərlidir.

Bunu indi, atamın həlak olması ərəfəsində söyləmək istəməzdim, lakin həqiqət həqiqət olaraq qalır – bizə çox ağırdır. Xüsusilə, anama, onun 72 yaşı var. Və anam vicdansız insanların günahına görə atamdan qalanı itirməyi psixoloji olaraq qəbul etməkdə çətinlik çəkir.

Hər zaman şəhid ailələrinin problemlərinə həssaslıqla yanaşan, onlara yüksək diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bizə köməklik göstəmələri üçün müraciət etmişik.

İndi son ümidimiz onlardır.

Söhbət etdi: F.Bağırova

 

BÖLMƏDƏ YENİ

ƏN ÇOX OXUNANLAR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur