ru

Siyasət

8 Avqust saat 17:11

Sevinc Fətəliyeva: Bunun nəticəsində ölkəmiz vəziyyətdən az itkilərlə çıxa bilir

Sevinc Fətəliyeva: Bunun nəticəsində ölkəmiz vəziyyətdən az itkilərlə çıxa bilir

 “Dövlətimiz pandemiya ilə mübarizədə sistemli tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlər ciddi nəticələr verməkdədir. Sevindirici haldır ki, artıq koronavirusa qarşı mübarizə tədbirləri effekt verir və  müsbət dinamika müşahidə olunur”.

1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, iyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Görülən işlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. O qeyd edib ki, Prezident İlham Əliyev avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə qeyd edib ki, koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. Dövlət başçısınının qeyd etdiyi kimi, artıq üç həftədir ki, müsbət dinamika müşahidə edilir. Bütövlükdə isə, pandemiya başlayandan dərhal sonra dövlət tərəfindən bütün lazımi qabaqlayıcı tədbirlər həyata keçirilməyə başlandı. Bunun nəticəsində ölkəmiz vəziyyətdən az itkilərlə çıxa bilir.

Millət vəkili söyləyib ki, koronavirusla mübarizədə həkimlərin fədakarlığı  da xüsusi qeyd olunmalıdır. Virusa yoluxmuş insanların sağlamlığa qovuşmasında tibb personalının böyük zəhməti var. O qeyd edib ki, dövlət pandemiyanın zərərlərinin qarşısını almaq üçün bütün addımları atır: “Cənab Prezident müşavirədə bir daha söylədi ki, əsas məqsədimiz insanların sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Dövlət başçısı diqqətə çatdırıb ki, koronavirusla bağlı mübarizədə addımlar vəziyyətə uyğun şəkildə atılacaq. Karantin vəziyyəti hamını yorsa da, pandemiyanın fəsadları nəzərə alınmalıdır. Nəzərə alsaq ki, dövlət rəhbərliyi, Operativ Qərargah insanların sağlamlığı və təhlükəsizliyi üçün fasiləsiz işləyir, vətəndaşlar da vəziyyətin ciddiliyini nəzərə almalıdır. Dövlət başçısı diqqətə çadırıb ki, karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olub. Vətəndaşlar nəzərə almalıdır ki, əgər bu yumşalmadan sonra yenə də xəstəlik kəskin artsa, karantin rejimi yenə də sərtləşdiriləcək. Ona görə də, hamı məsuliyyətli olmalı, qaydalara əməl etməli, tibbi maskalardan, dezinfeksiyaedici vasitələrdən istifadə etməli, sosial məsafəni gözləməlidir. belə olarsa, karantin rejimini daha da yumşaldıb normal həyata tez qayıtmaq mümkün ola bilər”.

S.Fətəliyeva deyib ki, pandemiya şəraitində sosial və iqtisadi məsələlərin həlli istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir: “ Ölkəmizdə iqtisadi və sosial məsələlər də öz həllini tapır. Bu dövrdə 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləməsə də, dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Bundan əlavə, 600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub. Onlara 190 manat həcmində müavinətin verilməsi buna sübutdur. Müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Avqust ayında da onlara 190 manat ödəniləcək”.

 Azərbaycanda böyük sosial layihələr həyata keçirildiyini deyən millət vəkilinin sözlərinə görə, 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu imkandan 7 mindən çox məcburi köçkün ailəsi faydalanacaq. Eyni zamanda, rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək, ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin ediləcək.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur