Deputat: Prezidentin çıxışı Azərbaycanın tarixi irsi, Qarabağ və sülh gündəliyinə mühüm işıq saldı | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Prezidentin çıxışı Azərbaycanın tarixi irsi, Qarabağ və sülh gündəliyinə mühüm işıq saldı

Oksana Orucova12:27 - Bu gün
Deputat: Prezidentin çıxışı Azərbaycanın tarixi irsi, Qarabağ və sülh gündəliyinə mühüm işıq saldı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 15-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Görüş zamanı prezident çıxışında Azərbaycanın zəngin tarixi-mədəni irsinə, Türk dünyası və Qafqazla əlaqələrinə, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərə, Qarabağın işğalının ağır nəticələrinə və Böyük Qayıdış prosesinə geniş yer verib.

Dövlət başçısı, həmçinin 30 illik işğal dövründə beynəlxalq təşkilatların mövqeyini, postmüharibə dövründə Azərbaycanın sülh gündəliyini və regionda davamlı sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki,  Prezidentin çıxışında səsləndirilən mesajları şərh edib.

O, bildirib ki, Prezident çıxışında Azərbaycanın dünya və İslam mədəniyyətinə verdiyi töhfələrə xüsusi diqqət ayırıb.

"Dövlət başçısı XV əsr mütəfəkkiri Yəhya Bakuvinin adını Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin sırasında çəkərək bu irsin yalnız Azərbaycan üçün deyil, bütün İslam aləmi üçün əhəmiyyət daşıdığını vurğulayıb".

"Bu məqamın Azərbaycanın tarixi-mədəni irsinin daha geniş coğrafiyada təqdim olunması baxımından əhəmiyyətlidir. Prezident qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələni və Atabəylər dövlətinin paytaxtı Naxçıvanı misal gətirərək, Türk dünyası ilə Qafqazın tarixən vahid coğrafiya təşkil etdiyini qeyd etdi. Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi kimi bu iki məkan arasında körpü rolunu vurğulaması xüsusi əhəmiyyət daşıyır”.

Naqif Həmzəyev Azərbaycanın İslam dünyası ilə əlaqələrinə də toxunaraq Prezidentin İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində həyata keçirilən təşəbbüsləri diqqətə çatdırmasını mühüm mesaj kimi qiymətləndirib.

Deputat 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarını da bu siyasətin nümunələrindən biri kimi qeyd edib.

“Gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün təsadüfi olmadığını düşünürəm. Azərbaycan təmsil olunduğu bütün platformalarda birləşdirici mövqe nümayiş etdirir. Prezidentin müsəlman dini liderlərin görüşlərinin ənənəvi xarakter alması ilə bağlı təklifi də məncə, çox uzaqgörən və vacib təşəbbüsdür”, - deyə deputat bildirib.

Həmzəyev Qarabağla bağlı fikirlərini də bölüşüb.

Onun sözlərinə görə, dövlət başçısının 30 illik işğal dövründə törədilən dağıntılar, Xocalı faciəsi, 65 məscidin dağıdılması və mədəni sərvətlərin talan edilməsi barədə səsləndirdiyi fikirlər mühüm tarixi faktların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətlidir.

“Bu hadisələr təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə İslam dünyasının mədəni və dini irsinə qarşı törədilmiş əməllər kimi qiymətləndirilməlidir. Bərpa işlərinin Ağdam məscidindən başlanması və bu günədək 12 məscidin yenidən qurulması Azərbaycanın öz tarixi və dini irsinə münasibətinin göstəricisidir”, - deyə Həmzəyev vurğulayıb.

Deputat Prezidentin İkinci Qarabağ müharibəsi və Böyük Qayıdışla bağlı səsləndirdiyi fikirlərə də diqqət çəkib. O bildirib ki, çıxışda hərbi əməliyyatların yalnız hərbi hədəflərə yönəldiyi və mülki əhalinin hədəf alınmadığı qeyd olunub. Həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində 48 şəhər və kənddə 90 mindən çox insanın məskunlaşdığı vurğulanıb.

Həmzəyev beynəlxalq təşkilatların Qarabağ münaqişəsi dövründəki mövqeyinə dair səsləndirilən fikirləri də şərh edib:

“30 illik işğal dövründə BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası və Avropa Parlamentinin mövqeyi haqlı olaraq tənqid edildi. Prezidentin ikili standartlara diqqət çəkməsi və Azərbaycana qarşı media kampaniyalarının davam etdiyini bildirməsi də beynəlxalq ictimaiyyət üçün mühüm mesajdır. Prezidentin də vurğuladığı kimi, sülh prosesi hələ tam oturuşmayıb. Buna görə də regional sabitliyin qorunması üçün bütün tərəflər səy göstərməlidir. Azərbaycanın sülh gündəliyini seçməsi uzaqgörən siyasətin göstəricisidir. “Zayed İnsan Qardaşlığı Mükafatı”na görə təşəkkürün ifadə olunması da bu yanaşmanın mühüm nümunəsidir”, - deyə Naqif Həmzəyev əlavə edib.

Beləliklə, Prezidentin çıxışında Azərbaycanın tarixi-mədəni irsi, regional və beynəlxalq mövqeyi, Qarabağın bərpası və sülh gündəliyi ilə bağlı bir sıra mühüm mesajlar önə çəkilib.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər