Dövlət Statistika Komitəsinə büdcədən ayrılan vəsaitlərin istifadəsində nöqsanlar aşkarlandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Statistika Komitəsinə büdcədən ayrılan vəsaitlərin istifadəsində nöqsanlar aşkarlandı

12:14 - 07 / 12 / 2015
Dövlət Statistika Komitəsinə büdcədən ayrılan vəsaitlərin istifadəsində nöqsanlar aşkarlandı

Dövlət Statistika Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələri açıqlanıb.

1news.az xəbər verir ki,bu barədə Trend-ə Hesablama Palatasından məlumat verilib.

Bildirilir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında dövlət büdcəsindən Dövlət Statistika Komitəsinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.

Nəzarət tədbiri üzrə həyata keçirilmiş tədbirlər, həmçinin əldə edilmiş audit sübutları və nəticələrlə bağlı yoxlama qrupunun rəhbəri Q.Hümbətovun məlumatı dinlənilib, Kollegiya üzvlərinin sualları cavablandırılıb.

Audit tədbirinin nəticələrini və tövsiyələri əks etdirən hesabat, həmçinin rəy üzrə auditor C.Həsənov məruzə edərək nəzarət obyekti ilə bağlı əsas göstəricilər və müəyyən olunmuş nöqsanlarla bağlı məlumatları diqqətə çatdırıb.

Auditor Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində (DSK) bundan əvvəl həyata keçirdiyi nəzarət tədbirləri zamanı müəyyən olunmuş bir sıra nöqsanların aradan qaldırılmasının tam təmin edilmədiyini, bəzi nöqsanların hələ də təkrarlandığını bildirib.

Nöqsanları qruplaşdıraraq, auditor əməyin ödənilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi, o cümlədən, dövlət qulluqçusu olmayan müvəqqəti işçilərə dövlət qulluğunda qulluq stajına görə əmək haqqına əlavə ödənilməsi, Baş Hesablama Mərkəzində işlədikləri dövrün dövlət qulluğunda staj kimi nəzərə alınması kimi nöqsanlara yol verildiyini, həmçinin bir sıra işlərin və xidmətlərin yerinə yetirilməsi zamanı müqavilə şərtlərinə əməl edilməsinə nəzarət olunmaması səbəbindən podratçı təşkilatlara əlavə vəsaitin ödənildiyini, beynəlxalq tədbirlərin keçirilməsi, ezamiyyə xərclərinin ödənilməsi zamanı artıq xərclərə yol verildiyini diqqətə çatdırdı.

Eyni zamanda, əksər hallarda, lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim olunduğu, statistik hesabatların yeni onlayn texnologiyaların tətbiqi ilə toplanaraq işlənildiyinə, eləcə də Baş Hesablama Mərkəzi tərəfindən Komitənin bütün struktur vahidləri arasında məlumat mübadiləsinin təmin edilməsinə imkan verən sənəd dövriyyəsi, idxal-ixrac məlumatlarının və rəsmi statistika hesabatlarının onlayn işlənməsi sistemlərinin, həmçinin sair müxtəlif sayda proqram təminatı sistemlərinin istismara verilməsinə baxmayaraq, əvvəlki illərdə olduğu kimi, çoxlu sayda statistik blanklar, məcmuələr, kənd təsərrüfatının siyahıyaalınması materialları və sair çap işləri həyata keçirilməklə büdcə vəsaitlərindən səmərəsiz istifadə olunmasına şərait yaradıldığı bildirilib.

Auditor mühasibat uçotunun təşkili və aparılması ilə bağlı normativ-hüquqi aktların tələblərinə bir sıra hallarda əməl olunmadığını qeyd etmiş, həmçinin DSK tərəfindən maliyyə hesabatlarının tərtibi zamanı yol verilmiş nöqsanların bəzi balans hesablarının məbləğinin təhrif olunmasına şərait yaratdığını nəzərə çatdırıb.

Sonda auditor nəzarət tədbiri üzrə rəydə əks olunmuş nəticə və təklifləri də diqqətə çatdıraraq dövlət büdcəsindən ayrılan vəsaitlərdən istifadənin prioritetlərinin düzgün müəyyənləşdirilməsi, dövlət əmlakından və dövlət maliyyə resurslarından qənaətlə istifadə etməklə nəticəliliyin təmin edilməsi, vəsaitlərdən istifadənin səmərəliliyinin yüksəldilməsi və şəffaflığın daha da artırılması, habelə onlayn internet texnologiyalarının tətbiqini genişləndirməklə zərurət olmadan böyük həcmdə materialların çapı üzrə səmərəsiz xərclərə yol verilməməsi, Komitənin tabeliyində fəaliyyət göstərən qurumlarda əməyin təşkilinin təkmilləşdirilməsi istiqamətində struktur dəyişikliklərinin aparılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu bildirib.

Nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi də müzakirə edilib, Kollegiya üzvlərinin təklif və iradları dinlənilib, Komitə tərəfindən nöqsanların aradan qaldırılması ilə bağlı həyata keçirilmiş tədbirlər nəzərə alınıb. Kollegiya Qərarı səsə qoyularaq qəbul edilib.

Paylaş:
992

Son xəbərlər

Bütün xəbərlər