Vitse-prezident Xoşbəxt Yusifzadə neft platformasında baş vermiş faciənin detallarını açıqlayıb
SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşmüş şəxslərin tapılması üçün biz, o cümlədən ölkə başçısının tapşırığına əsasən yaradılan müvafiq komissiyaya daxil olan qurumların nümayəndələri səylərini əsirgəmir.
1news.az-ın APA-yaistinadla verdiyi məlumata görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
“Qaz kəməri güclü küləyə tab gətirməyib söndü. Qəfildən hər yer qaranlığa və alova qərq oldu. Olduqca dəhşətli mənzərədir. Amma bizim əməkdaşlarımız özünü itirmədi və təlimata uyğun hərəkət etdi. Bundan sonra hadisə yerinə xilasedicilər gəldi. Lakin güclü dalğa və alov imkan vermədi ki, xilasedicilər yaxınlaşa bilsinlər. Saat 23:00 radələrində bizim işçilərimizlə dolu qayıqlardan biri dənizə düşdü. Hazırda da onların axtarışları davam edir. 29 nəfər itkin sayılır. Onların tapılması istiqamətində bütün tədbirlər davam edir. Əsas məqsədimiz onları tapmaqdır”, - deyə o bildirib.
X.Yusifzadə bildirib ki, 26 nəfər xilas edilib, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib:
“Bir qismi müalicə onur, bir qismi artıq evə buraxılıb”.
X.Yusifzadə yanğının hələ söndürülmədiyini, bu istiqamətdə işlər aparıldığını da qeyd edib.
1news.az