OPEK neftin qiymətinin 160 dollara qədər qalxacağına söz verdi
Neftin qiyməti nominal həcmdə bir barel üçün 2040-cı ildə 160 dollar olacaq. Bununla yanaşı, dünyada neftə olan tələbat 20% artacaq.
1news.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə OPEK təşkilatının üzv ölkələrinin hesabatında qeyd olunub.
Beş ildən sonra neftin bir barelinin qiyməti 80 dollara çatacaq. Artan tələbata görə, OPEK sahəyə qoyulan sərmayələrin 10 trilyon dollar artacağını gözləyir. Bu məbləğin 7,2 trilyonu hasilat sektoruna, qalanı isə emal və nəql sahəsinə yatırılacaq.
Sərmayələrin əsas hissəsi OPEK-ə daxil olmayan ölkələrin payına düşəcək, onların illik həcmi isə təxminən 250 milyard dollardan ibarət olacaq.
Dekabrın 22-nə olan məlumata əsasən, OPEK-in neft səbəti bir barel üçün 31,5 dollardan ibarətdir.
Səbətə əsasən Saharan Blend (Əlcəzair), Iran Heavy (İran), Basra Light (İraq), Kuwait Export (Küveyt), Arab Light (Səudiyyə Ərəbistanı), Merey (Venesuela) növləri daxildir.