Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası İqtisadçılar Birliyi təsis edilib
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali və UNEC rektoru Ədalət Muradov Türk Dünyası İqtisadçılar Birliyinin təsis edilməsi haqqında qərar imzalayıblar.
UNEC-in Marketinq və Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən 1news.az-a verilən məlumata görə, Türk Dünyası İqtisadçılar Birliyi türk dünyası dövlətlərinin və digər respublikaların maraqlı iqtisadçılarının könüllü beynəlxalq birliyi kimi fəaliyyət göstərəcək. Birliyin əsas məqsədi türk dünyası iqtisadçıları arasındakı əməkdaşlıq əlaqələrini qurmaq və inkişaf etdirmək, onlar arasında iqtisadi tədqiqatlar üzrə beynəlxalq standartların tətbiqini genişləndirmək və gələcək iqtisadi inkişafı istiqamətlərində elmi tədqiqatların aparılmasıdır.
İmzalanma mərasimində çıxış edən Darhan Kıdırali və Ədalət Muradov qloballaşan dünyada türk dünyasının elm və təhsil sahəsindəki əməkdaşlığının fövqəladə əhəmiyyətli olduğunu vurğulayıblar. Bildirilib ki, yeni yaranan Birlik bu sahədəki böyük bir boşluğu dolduracaq. Natiqlər həmçinin dünya iqtisadiyyatında baş verən son tendensiyalar çərçivəsində türk dünyası ölkələri üçün yeni iqtisadi reallıqların ortaya çıxdığını və bu baxımdan da türkdilli iqtisadçıların birgə elmi fəaliyyətinin bu ölkələrin gələcək iqtisadi inkişafına mühüm töhvələr verə biləcəyinə inandıqlarını qeyd ediblər.
Birliyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlər və digər respublikaların maraqlı iqtisadçıları və ya onların milli assosiasiyaları üzv ola biləcək. Birliyin icraçı orqanı olan daimi Katibliyi UNEC-də yerləşəcək. Birliyin təsisçilərindən biri kimi Beynəlxalq Türk Akademiyası isə onun beynəlxalq fəaliyyətini təmin edəcək və digər beynəlxalq təşkilatlarla əlaqələrini tənzimləyəcək.