Çaylarda suyun səviyyəsi artıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-210, Kiçik Qafqazın çaylarında 195-205, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-140 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, yanvarın 08-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 135 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 37 m3/s olmaqla, ongünlük normanın 52 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 50 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, yanvarın 08-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 13, Araz çayının Novruzlu məntəqəsində 7 sm artım, Surrada 4, Bankədə isə 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 456 sm (2015-ci il yanvarın 08-də 360 sm), Şirvanda 351 sm (2015-ci il yanvarın 08-də 229 sm), Salyanda 305 sm (2015-ci il yanvarın 08-də 204 sm), Bankədə 231 sm (2015-ci il yanvarın 08-də 233 sm), Araz çayının Novruzlu məntəqəsində isə 195 sm (2015-ci il yanvarın 08-də 119 sm) təşkil edir.
1news.az