Los-Ancelesdə Azərbaycanla bağlı təqdimat keçirilib – FOTO
Yanvarın 5-də Los-Ancelesin ən böyük və nüfuzlu yəhudi dini mərkəzlərindən olan Sinay sinaqoqunda Azərbaycan haqqında geniş təqdimat keçirilib.
Bu haqda 1news.az-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildirilib ki, təqdimat ötən ilin sonlarında sözügedən sinaqoqun 50 nəfərlik nümayəndə heyətinin Azərbaycana səfəri barədə yəhudi icmasını məlumatlandırmaq məqsədi daşıyıb.
Qeyd edək ki, səfər 2015-ci ilin 30 oktyabr - 4 noyabr tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbiri giriş nitqi ilə açan Sinay sinaqoqunun rəhbəri, “Newsweek” jurnalının sorğusuna əsasən ABŞ-ın ən nüfuzlu yəhudi din xadimi olan ravvin Deyvid Uolpi Azərbaycanın ecazkar ölkə olduğunu vurğulayaraq, çoxəsrlik tolerantlıq ənənələrinə malik belə bir ölkə ilə tanışlıq fürsətinin əvəzsiz olduğunu bildirib. O, bu gün dünyanın hətta bir çox inkişaf etmiş ölkələrindən fərqli olaraq, yəhudilərin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşadığını, azad şəkildə öz dini etiqadlarına əməl edə bildiklərini söyləyib.
Sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək tarixən Azərbaycanda müxtəlif mədəniyyət və dinlərə böyük ehtiramla yanaşıldığını, tolerantlıq ənənələrinin qədim tarixə malik olduğunu qeyd edib. Baş konsul Sinay sinaqoqu nümayəndə heyətinin Azərbaycana səfərinin mühüm hadisə olduğunu, bu səfərin Azərbaycanla ABŞ-ın yəhudi icması arasında qarşılıqlı münasibətlərin inkişafına önəmli töhfə verdiyini deyib.
Sinaqoqun İdarə Heyətinin üzvləri Keri Lerman, Ancela Məddahi və Eli Aliyeşmerni Azərbaycanda müxtəlif dini icmalar arasında qarşılıqlı ehtirama əsaslanan münasibətlərlə yanaşı, Azərbaycan müsəlmanlarının malik olduğu tarixi ənənələrin də unikal olduğunu vurğulayıblar.
Natiqlər bildiriblər ki, hazırda dünyanın müxtəlif ölkələrində İslam məzhəbləri arasında qanlı toqquşmaların davam etməsinə baxmayaraq, Azərbaycanda müsəlmanlar arasında çox güclü qardaşlıq əlaqələri mövcuddur. Onlar Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu və ardıcıl siyasətdən, ölkədə yaşayan müxtəlif dini icmalara göstərilən dövlət qayğısından bəhs edərək, belə bir səfərin keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Çıxış edənlər Azərbaycan kimi mütərəqqi və tolerant bir ölkənin ABŞ-ın yəhudi icması tərəfindən daim və hərtərəfli dəstəklənməsinin olduqca vacib olduğunu deyiblər.
1news.az