Təhsil Nazirliyi qadın müəllimlərin geyimi ilə bağlı informasiyaya açıqlama verib
Şagirdlərdən fərqli olaraq, müəllimlər üçün vahid geyim forması müəyyən olunmayıb.
Bu haqda Təhsil Nazirlindən 1news.az-a məlumat verilib.
Qeyd edək ki, bir müddət əvvəl KİV-lərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin orta məktəb müəllimləri üçün vahid forma müəyyən etməsi haqqında informasiya yayılmışdı.
Nazirlikdən, həmçinin, bildirilib ki, məktəb rəhbərləri işə pedaqoji etika və estetika normalarına uyğun olmayan geyimlərdə gəlməyə icazə vermir.
“Təhsil Nazirliyi qadın müəllimlərə şalvar geyinməyi qadağan etmir. İcra Hakimiyyətindən müəllimlərin geyimi ilə əlaqədar təhsil müəssisələrinin rəhbərləri və Təhsil Nazirliyinə heç bir müraciət daxil olmayıb”- deyə nazirliyin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, daha əvvəl ölkə KİV-lərinin yaydığı məlumata görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin sədri Zakir Fərəcov bu yaxınlarda keçirilən toplantıda qadın müəllimlərin məktəbdə işə gələrkən şalvar geyinməməsini məsləhət görüb.
Onun sözlərinə görə müəllimlər işə şalvarda deyil, rəsmi formada gəlməlidir.
Məlumatda o da qeyd olunub ki, məktəblərdə İcra hakimiyyəti sədrinin tapşırığı yerinə yetirləməyə başlayıb.
1news.az