Bakıda “gül satan” oğrular peyda olub - FOTO - VIDEO
Son bir neçə gündür ki, sosial şəbəkələrdə Bakıda yeni üsulla evlərə daxil olmağa çalışan oğrular haqqında məlumatlar yer alır.
1news.az xəbər verir ki, Bakı sakini olan qadın da üzləşdiyi hadisəni nəql edib.
Belə ki, bir gənc əlində gül dəstəsi ilə blokdan zəng edərək, bildirib ki, ona adının çəkilməsini istəməyən şəxs gül buketi göndərib.
Daha sonra o, təhlükəsizlik məqsədi ilə kodlaşdırılan qapının açılmasını xahiş edib. Xanım blokun qapısını açsa da, sonra ondan şübhələnib. Qapı ardıcıl döyüldükdə isə binanın mühafizəsini çağırıb və “gül dükanının işçisinə” mühafizəçi ilə görüşməyi xahiş edib. Bu zaman isə gülü yerə atan gənc sürətlə blokdan çıxaraq qaçıb. Lakin qadın həmin şəxsin telefonla videoya çəkib və öz səhifəsində paylaşıb.
Oxşar hadisə Bakının digər ərazisində də qeydə alınıb. Oxuculardan biri 1news.az-a bildirib ki, bir gənc əlində gül dəstəsi ilə onun qapısını döyüb. Xanım qapını açan kimi gənc evə daxil olmaq istəyib. Lakin xanım gənci evdən uzaqlaşdıra bilib və qapını örtüb.
Oxucunun sözlərinə həmin şəxs heç bir söz demədən dərhal uzaqlaşıb.
Qeyd edək ki, analoji hadisə ilə üzləşən qadınlardan heç biri polisə müraciət etməyib.
Biz də öz növbəmizdən sizi diqqətli olmağa və bu cür hadisə ilə rastlaşdıqda dərhal polisə xəbər verməyə çağırırıq.
1news.az