“Iteca Caspian” 2015-ci il ərzində 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil edib
Cari ilin dekabr ayında Azərbaycanda növbəti sərgi və konfranslar mövsümü uğurla başa çatdı. 2015-ci il ərzində Xəzəryanı regionun aparıcı sərgi şirkəti olan “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkəti birlikdə 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil edib.
1news.az xəbər verir ki, “Iteca Caspian” şirkətinin keçirdiyi bütün tədbirlərə dövlət strukturları tərəfindən yaxından dəstək göstərilir. Belə ki, ölkə başçısı bir sıra sərgiləri, o cümlədən “AITF”, “WorldFood Azerbaijan”, “Caspian Oil and Gas” və “Bakutel” sərgilərini ziyarət etmiş və bir sıra sərgilərin iştirakçılarına salamlama məktubu ünvanlayıb. Həmçinin, bu sərgiləri Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə, eləcə də Azərbaycan Respublikasının müvafiq sənaye nazirləri və nazir müavinləri ziyarət edib.
2015-ci ildə keçirilən sərgiləri xarici ölkələri təmsil edən 70-dən çox yüksək rütbəli qonaq, o cümlədən London şəhərinin lord-meri cənab Alan Yarrou, Polşanın baş naziri cənab Yanuş Pexoçinski, İraqın neft naziri cənab Adil Əbdülmehdi Həsən Şuber, Belarus Respublikasının baş nazir müavini cənab Vladimir İliç Semaşko, Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini cənab Sergey Çıb, Belarus Respublikası səhiyyə nazirinin müavini cənab Valeri Şevçuk, Litva kənd təsərrüfatı nazirinin müavini cənab Vilius Martuseviçus, “Bulgargaz EAD” şirkətinin icraçı direktoru cənab Petyo İvanov, “Petronas” (Malayziya) şirkətinin prezidenti və icraçı direktoru cənab Van Zulkifli Van Ariffin, “TeliaSonera Eurasia” şirkətinin prezidenti cənab Per Emil Nilson, “Arianespace” şirkətinin rəhbəri və icraçı direktoru cənab Stefan İsrail və başqaları ziyarət ediblər.
2015-ci ildə Bakı şəhəri öz danılmaz beynəlxalq nüfuzunu - regionun işgüzar mərkəzi olduğunu təsdiq etdi. 2015-ci ilin sərgilərində dünyanın 65 ölkəsini təmsil edən 1883 şirkət, habelə Azərbaycan və yaxın ölkələrdən 45 mindən artıq ziyarətçi iştirak etmişdir. Sevindirici haldır ki, ümumi ekspozisiya sahəsinin təxminən 40%-ni yerli şirkətlərin stendləri tuturdu. 2015-ci ildə dünyanın 28 ölkəsi – Almaniya, Argentina, Avstraliya, Belarus, BƏƏ, Bolqarıstan, Böyük Britaniya, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Fransa, İran, İtaliya, İspaniya, İsrail, Çin, Latviya, Litva, Malayziya, Mərakeş, Maldiv Adaları, Monteneqro, Polşa, Rusiya, Sloveniya, Tailand, Türkiyə və Çexiya milli qruplarla qatılıb.
Sərgilərdə təmsil olunan şirkətlərin sayına görə Türkiyə, Rusiya Federasiyası və İtaliya müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutur. Bu ölkələrin beynəlxalq sərgilərdə iştirak xərclərinin qismən subsidiyalaşdırılması üzrə dövlət proqramına Azərbaycan sərgilərinin də daxil edilməsi bu fəallığa şərait yaradır.
2015-ci ildə layihələrin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların da rolu mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, bu il sponsorlar qismində ARDNŞ, “BP”, Qazax Sement Zavodu, “NB Group”, “Eurodesign”, “Bakcell”, “Stadler”, “Baker Hughes”, “Türkiye Petrolleri”, “Bos Shelf”, “AZFEN J.V.”, “Azeri M-I Drilling”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “Caspian Pipe Coatings”, “Global Energy”, “RusNeft”, “Tekfen Construction”, “Inpex”, “Caspian Geophysical”, “Cross Caspian”, “Chelpipe”, “Dentons”, “Integraph”, “Nobel Oil Upstream”, “Schlumberger”, “Socar AQŞ”, “SOCAR Polymer”, “TAP” və “Total” şirkətləri, eləcə də Ukrayna Beynəlxalq Hava Yolları çıxış edib. 2015-ci ildə “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan sərgilərin tərəfdaşları arasında “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və “Greenwich Travel Club” (rəsmi turoperator) şirkətləri, “Jumeirah Bilgah Beach Hotel Baku” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), habelə “AzExpoMontage” (rəsmi montajçı) və Bakı Ekspo Mərkəzi yer alır.
Bütün bu müddət ərzində sərgilərin mühüm innovativ məqamları “Yeni məhsul” kataloqunda öz əksini tapıb. Bir çox iştirakçılar yeni məhsul və innovasiyaları bilavasitə istehsal prosesində nümayiş etdirmişdir ki bu da peşəkar auditoriyanın böyük marağına səbəb olub.
Sərgilərdə “Stadler Rail Group” şirkəti və “Azərbaycan Dəmir Yolları” QSC arasında müqavilə ilə yanaşı, “Azerspace-2” peykinin orbitə buraxılması haqqında “Azərkosmos” ASC və Fransanın “Arianespace” təşkilatı arasında da müqavilə imzalanmışdır. Həmçinin, hər bir sərgini geniş işgüzar proqram müşayiət etmiş və bu proqram çərçivəsində müxtəlif seminar və təqdimatlar, habelə forumlar keçirilmişdir. Bura Rusiyanın farmakoloji və səhiyyə sənayesinin “Rusiya – Azərbaycan: farmakologiya və səhiyyə sənayesi bu gün və sabah” mövzulu forum-sərgisi, “Aktual kardiologiya problemləri” mövzusunda konfrans, “Mamalıq, ginekologiya və neonatologiya sahəsində müasir diaqnostika və müalicə metodları” mövzusunda 9-cu elmi-praktiki konfrans, “Tibbi turizmin inkişafında Türkiyə Turizm Agentlikləri Assosiasiyası (“TURSAB”) və Azərbaycan arasında əməkdaşlığın rolu” mövzusunda konfrans və bir sıra digər tədbirlər daxildir.
Sərgilər işgüzar görüş və danışıqlarla yanaşı, təşkilatçıların bütün sərgi iştirakçıları və ziyarətçiləri üçün hazırladıqları əlamətdar tədbirlərlə də yadda qalıb. Belə ki, “AITF-2015” sərgisində Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya “Bakı 2015” Birinci Avropa Oyunlarının açılış mərasiminə biletlər təqdim olunub. “WorldFood Azerbaijan 2015” sərgisi çərçivəsində “Food Gallery by Nubar Hasanova” foto-sərgisi maraqlı və yeni hadisə olmaqla yanaşı, xarici iştirakçılar və paytaxt qonaqlarını Azərbaycanın mətbəx mədəniyyəti ilə tanış edib. “Caspian Oil and Gas” sərgisi üzrə VIP-turun gedişatında Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva rəssam İrina Eldarovanın “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda rəsm sərgisi ilə tanış olublar. Bu rəsm kolleksiyası Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 136 illiyinə həsr olunmuşdu. “Bakutel-2015” sərgisində isə London şəhərinin “Magic Circle” sirkinin tanınmış illüziolnisti sərgiyə gələn hər bir kəsə xoş anlar bəxş edib.
Sərgilər və bu sərgilər çərçivəsində təşkil olunan bütün tədbirlər yerli KİV və beynəlxalq agentliklər tərəfindən geniş şəkildə işıqlandırılıb. 2015-ci ildə 345-dən çox mətbuat orqanı, o cümlədən 208 xarici jurnal və portal sərgilərə informasiya dəstəyi göstərib. Həmçinin, sərgilərin rəsmi “Daily News” qəzetinin 7 nömrəsi dərc edilib və hər bir sərgi ilə bağlı rəsmi kataloq nəşr olunub.
Həm eksponentlərin, həm də ziyarətçilərin rəyinə əsasən, sərgilər uğurla keçib. Təşkilatçıların il ərzində keçirdikləri rəy sorğusunun nəticələrinə görə, ziyarətçilərin 95%-i 2015-ci ildə keçirilmiş sərgilərdə mühüm görüşlər keçirib və sərgilərin nəticələrindən razı qalıblar. Beləliklə, iştirakçı şirkətlər üçün yeni müştərilər və satış bazarlarının axtarışı, eləcə də satış coğrafiyasının genişləndiilməsi baxımından sərgilərin səmərəli vasitə olduğu bir daha sübuta yetirildi. Təşkilatçıların hər sərgi üzrə orta hesabla 30% təşkil edən “rebukinq” (növbəti il keçiriləcək sərgidə iştirak üçün yerlərin sifariş edilməsi) barədə məlumatları da bunu təsdiq edir.