Sumqayıtda şagirdi döyən müəllim işdən çıxarıldı – VİDEO - YENİLƏNİB
Təhsil Nazirliyi Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdə müəllimin şagirdi döyməsi faktına rəsmi münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sözügedən məktəbin tarix müəllimi İdris Hüseynov “Təhsil haqqında” qanunun və “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edib, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verib. Bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İdris Hüseynov Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad edilib.
“Bununla Bağlı Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi hazırda xidməti araşdırma aparır. Hadisə tam araşdırıldıqdan sonra hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcək.
Təhsil Nazirliyi bu məsələ adekvat münasibətə görə ictimaiyyətə təşəkkürünü bildirir, ictimai nəzarətin vacibliyini bir daha vurğulayır.
Təhsil Nazirliyi bundan sonra da təhsil müəssisələrində şəffaflığıın təmin edilməsi, təhsilalanların hüquqlarının müdafiəsi və təhsil ocaqlarının hüquqi məkana çevrilməsi, müəllim-şagird münasibətlərinin qarşılıqlı əməkdaşlıq şəraitində qurulması istiqamətində səylərini davam etdirəcək.
Təhsil Nazirliyi bildirir ki, gələcəkdə şagirdlərə qarşı belə antipedaqoji hərəkətlərə yol verilərsə, bu sahədə məsuliyyət daşıyan vəzifəli şəxslər barədə ən ciddi tədbirlər görüləcək”- deyə, nazirlikdən bildiriblər.
Qeyd edək ki, ötən gün Sumqayıt şəhəri 22 saylı orta məktəbdə İdris adlı tarix müəllimi dərsdə şagirdlərin gözü qarşısında şagirdin başına çox sayda zərbələr endirib.
Əsəbləri soyumayan müəllim həmin şagirdi sürüyərək sinifin küncünə apararaq döyməkdə davam edib. Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, həmin şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim uşağı döyməyə davam edib.
1news.az
10:46
Təhsil Nazirliyi Sumqayıtda yerləşən 22 saylı məktəbdəbaş verən hadisəyə aydınlıq gətirib.
“Hadisə ilə bağlı hazırda araşdırmalar aparılır, nəticələrə uyğun olaraq lazımi ölçülər götürüləcək. Araşdırma təhsil nazirinin birbaşa nəzarətilə aparılır. Nəticələr məlum olduqdan sonra ictimaiyyətə bəyan ediləcək”, - Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Vəliyev bildirib.
Xatırladaq ki, bu gün səhər bir sıra KİV-dəSumqayıtın 22 saylı məktəbində İdris adlı müəllim (soyad araşdırılır) şagirdlərdən birini döyməsilə bağlı video yayılıb.
Kadrlardan da aydın görünür ki, müəllim şagirdin başına xəsarət yetirir, daha sonra isə onu künçə sıxaraq döyməkdə davam edir. Və bütün bunlar digər şagirdlərin gözləri önündə baş verir.
1news.az