Azərbaycan bankları keçirilən iki hərrac vasitəsilə 500 milyon dollar alıb
Yanvarın 13 və 15-də Azərbaycan Mərkəzi Bankının (AMB)keçirdiyi hərrac vasitəsilə 35 bank 500 milyon dollar alıb.
Bu haqda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yanvarın 15-də AMB-nin keçirdiyi növbəti hərracda 300 milyon dollar satışa çıxarılıb.
“Əvvəlcə 200 milyon ARDNF tərəfindən satışa çıxarılmışdı.Daha sonra Mərkəzi Bank 100 milyon da satışa çıxardı”, - məlumatda qeyd olunur.
Xatırladaq ki, yanvarın 13-də ARDNF tərəfindən – Mərkəzi Bankın müntəzəm hərraclar mexanizmi vasitəsilə valyutanın ilk satışı çıxarıldı. Fond tərəfindən keçirilən hərracda 200 milyon dolları 32 bank satın alıb.
Beləliklə, iki hərrac sayəsində Azərbaycan bankları 500 milyon dollar əldə ediblər.
İl ərzində Fond hərraclar vasitəsilə valyutanın satışını həyata keçirəcək. Proqnozlara görə, ARDNF bu il Dövlət Büdcəsinə 6 milyard manat həcmində köçürmələr etməlidir.
Qeyd edək ki, ARDNF Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu ildə imzaladığı sərəncam əsasında yaradılıb.
Fondda neft-qaz müqavilələrindən əldə olunan gəlirlər toplanır ki, bunlara da əsasən dövlətin neft gəlirlərinin icrası, ölkə ərazisindən neft və qaz nəqli üçün tranzit tariflər, dövlət əmlakının icarəsi aiddir.
Fond ölkə Prezidentinə tabedir.
2016-cı ildə Fondun gəlirləri – 6 milyard 711 milyon 564,1 min manat, xərcləri isə – 8 milyard 181 milyon 399,7 min manat həcmində təsdiq edilib.
1news.az