Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-170, Kiçik Qafqazın çaylarında 100-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, yanvarın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 172 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 130 m3/s olmaqla ongünlük normanın 81 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla, ongünlük normanın 112 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 48 m3/s təşkil edərək ongünlük normanın 72 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, yanvarın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 10, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 442 sm (2015-ci il yanvarın 15-də 380 sm), Şirvanda 331 sm (2015-ci il yanvarın 15-də 261 sm), Salyanda 297 sm (2015-ci il yanvarın 15-də 228 sm), Bankədə 229 sm (2015-ci il yanvarın 15-də 205 sm), Araz çayının Novruzlu məntəqəsində isə 170 sm (2015-ci il yanvarın 15-də 130 sm) təşkil edir.
1news.az