Tovuzda qardaşı tərəfindən “öldürülən” qız tapıldı
Tovuz rayonunda qardaşı tərəfindən öldürüldüyü deyilən 20 yaşlı Zülfiyyə Nizami qızı Məhərrəmova tapılıb.
1news.az-ın Tovuz şəhər Polis İdarəsinə istinadən verdiyi xəbərə görə, qız bu müddət ərzində evlərinin yaxınlığındakı tikililərin birində gizlənib.
Qeyd edək ki, bir qədər öncə bəzi kütləvi informasiya vasitələri tərəfindən Tovuzda qardaşın bacısını öldürməsi ilə bağlı xəbər yayılıb.
Rayon polis bölməsindən şübhəli şəxs qismində “öldürülən” qızın 16 yaşlı qardaşı Anar Nizami oğlu Səmədovun saxlanıldığı və onun ifadəsində bacısını qətlə yetirdiyini etiraf etdiyi bildirilmişdi.
Evdə qan izlərinin tapılması qızın həqiqətən də qardaşı tərəfindən öldürüldüyünü deməyə əsas verirdi. Dindirmə zamanı A.Səmədov qətli törətdiyini etiraf etmiş və bacısının meyitini kənd qəbiristanlığında basdırdığını bildirmişdi.
Faktla bağlı cinayət işi açılmışdı.
1news.az