“Ləzgi dilini qoruyaq!” layihəsi çərçivəsində karaoke axşamı təşkil edilib
Beynəlxalq Mətbuat Mərkəzində “Samur” qəzeti və “Suvar” Ləzgi Xalq Ansamblı tərəfindən “Ləzgi dilini qoruyaq!” layihəsi çərçivəsində “Ləzgi karaokesi axşamı” təşkil edilib.
“Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimova tədbirdə çıxış edərək Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsinin çox sevindirici olduğunu deyib. O, bu tədbirin “Multikulturalizm ili”nə ilk töhfələri olduğunu qeyd edib. Bildirib ki, ləzgilərin çox qədim adətləri var, onlardan biri də xorla mahnı ifa etməkdir. Təəssüf ki, bu adət get-gedə unudulur. Bu layihənin məqsədi də ləzgi xalqının qədim adətlərini canlandırmaq, təqdim etmək və qorumaqdır. Layihə həm də “Suvar” Ləzgi Xalq Ansamblının yaranmasının 20-ci ildönümünə təsadüf edir.
Tədbir “Suvar” ansamblının solistlərinin iştirakı ilə ləzgi icmasının ifasında xalq mahnılarının karaokesi ilə davam edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) əməkdaşı Sevinc Mürvətqızı bu tədbirin Azərbaycanda unikal multikultural mühitin mövcudluğunun sübutu olduğunu söyləyib. O, Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm siyasəti ilə bağlı fikirlərini xatırladaraq tolerantlığın və multikulturalizmin dövlət siyasətinin prioritet istiqaməti, eyni zamanda, xalqımızın çoxəsrlik həyat tərzi olduğunu vurğulayıb: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev həmişə çıxışlarında haqlı olaraq vurğulayır ki, ümummilli lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi və hüquqi banisidir. Dövlətimizin və Prezident İlham Əliyevin həyata keçirdiyi multikulturalizm siyasətinə, eləcə də ölkə başçısının müəyyənləşdirdiyi Azərbaycanı dünyaya tanıtmaq hədəfinə uyğun olaraq, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin təşkilatçılığı və ideya rəhbərliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi mühüm layihələr reallaşdırır”.
Mərkəzin fəaliyyəti ilə bağlı məlumat verən S.Mürvətqızı təmsil etdiyi qurumun yarandığı vaxtdan etibarən həmişə Azərbaycanda yaşayan müxtəlif xalqlar, etnik qruplar və dini konfessiyalarla sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Tədbir “Suvar” Ləzgi Xalq Ansamblının himni ilə yekunlaşıb.
AZƏRTAC