Bakı Ali Neft Məktəbində “Qanlı Yanvar” bədii filminin nümayişi olub
Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib və “ANS Şirkətlər Qrupu”nun sifarişi ilə istehsal olunan “Qanlı Yanvar” bədii filminin nümayişi olub.
1news.az-ın məlumatına görə, öncə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə giriş nitqi ilə çıxış edən BANM-in rektoru Elmar Qasımov Azərbaycan xalqının keçdiyi şanlı qəhrəmanlıq tarixindən söz açaraq, 20 Yanvar faciəsinin əslində xalqımızın igidlik, mübarizlik və şücaətlə dolu qəhrəmanlıq günü olduğunu bildirib.
1990-cı ildəki, həmin dövrdəki ictimai-siyasi ab-havaya diqqət çəkən E.Qasımov Azərbaycanın milli-azadlıq mübarizəsi və müstəqillik yolunda qurban gedən şəhidlərin ölməzliyə qovuşduğunu bildirib. O, igid oğul və qızların qanı bahasına qazanılan, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan, eyni zamanda, bu gün Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə davam etdirilən dövlət siyasətinin əsasını təşkil edən müstəqilliyin gənc nəsillər tərəfindən qorunub saxlanılmasının vacibliyindən bəhs edib.
“Qanlı Yanvar” bədii filmindən danışan E.Qasımov ekran əsərində cərəyan edən hadisələrin real faktlara əsaslandığını deyib. O, Azərbaycan xalqının qan yaddaşında unudulmaz iz buraxan hadisənin dünya ictimaiyyətinə çatdırılmasının çox vacib olduğunu bildirərək filmin ərsəyə gəlməsində Vahid Mustafayev başda olmaqla, yaradıcı heyətə və əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Filmin baş rollarının ifaçılarına BANM-in adından təşəkkür edən rektor hər birinə hədiyyə təqdim edib.
Filmin baş rollarının ifaçıları – Azər Aydəmir, Faiq Mirzəyev və Tamilla Həmidova BANM-də olmaqdan məmnunluqlarını dilə gətirərək Ali Məktəbin rəhbərliyinə filmin nümayişi üçün yaradılan şəraitə görə təşəkkür ediblər. Onlar Azərbaycan tarixinin şanlı səhifələrinin gənclərə tanıdılması və onların milli vətənpərvərlik ruhunda formalaşmasında filmin mühüm rol oynayacağına əminlik ifadə ediblər.
Sonra “Qanlı Yanvar” bədii filmi nümayiş etdirilib.
1news.az