Elman Rüstəmov: “Milli valyutanın dollara nisbətən məzənnəsinin 1.8-2 manata qalxması şayiələri əsassızdır”
“Milli valyutanın dollara nisbətən məzənnəsinin 1.8-2 manata qalxması şayiələri əsassızdır”.
1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı bildirib.
Onun qeyd etdiyinə görə, bu gün Azərbaycanda bir nömrəli məsələ makroiqtisadi stabilliyin təminatıdır.
“Manat – yalnız pul vahidi deyil, eyni zamanda Azərbaycanda iqtisadi göstəricidir. Buna görə də milli valyutaya hörmət çox vacib məsələdir”, - E.Rüstəmov qeyd edib.
Onu sözlərinə görə, dünya bazarlarında neftin bir barrelinin 30 dollardan aşağı düşməsi ilə əlaqədar ölkəmiz də “qara sahə”yə keçib, bu da gəlirlərin xərcləri ödəməməsilə özünü büruzə verir.
“Azərbaycanın valyuta ehtiyatları 40 milyard dollar təşkil edir. Bununla hər ölkə öyünə bilməz. Bu gün borclu ölkələrin düşdüyü vəziyyəti görürük. Onlar müstəqilliklərini qoruyub saxlaya bilmirlər”, - E.Rüstəmov bildirib.
E.Rüstəmovun sözlərinə görə, hazırda məqsədimiz neftin bir barrelinin 25-30 dollara olan istiqamətində iqtisadi sistemimizi qurmaqdır.
Bank sədrinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı neftin bugünkü qiymətlərinə uyğunlaşmalıdır:
“Bizim kifayət qədər ehtiyatlarımız var və biz bu resurslardan düzgün istiqamətdə istifadə etməliyik. İlin əvvəlindən qonşu dövlətlərdə də dolların məzənnəsinin dəyişməsi devalvasiyaya səbəb oldu. Həqiqətdən qaçmaq olmaz. Biz bazarda valyuta müdaxiləsini artırırıq. Kifayət qədər ehtiyatlara sahib olmaqla iqtisadi likvidliyi təmin edirik. Ajiotaj üçün heç bir əsas yoxdur”.
1news.az