2015-ci ildə qida məhsullarının istehsalı artıb, neft hasilatı isə azalıb
2015-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2015-ci ildə 26,2 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 2,4 faiz çox sənaye məhsulu istehsal edilib.
1news.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı məlumatında qeyd olunub.
Məlumata görə, Mədənçıxarma sektorunda məhsul istehsalı 2,0 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 5,5 faiz artıb, neft hasilatı isə 0,7 faiz azalıb.
Emal sektorunda qida məhsullarının istehsalı 2,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,0 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 67,3 faiz, kağız və karton istehsalı 7,5 faiz, poliqrafiya məhsullarının istehsalı 86,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 43,2 faiz, tikinti materiallarının istehsalı 6,3 faiz, hazır metal məhsullarının istehsalı 54,1 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 1,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,6 faiz, mebel istehsalı 10,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,7 dəfə artıb, toxuculuq məhsullarının istehsalı 55,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 21,4 faiz, geyim istehsalı 44,2 faiz, içkilərin istehsalı isə 11,2 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,8 faiz artıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,4 faiz artıb, neft sektorunda isə ötən ilin səviyyəsində qalıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2016-cı il vəziyyətinə 317,5 milyon manatlıq hazır məhsul olub.
1news.az