Sahibkar və biznes-trener Aleksandr Məhərrəmovun qətli ilə bağlı yeni təfərrüatlar məlum oldu- FOTO-VİDEO- YENİLƏNMƏ
Bakı şəhəri, Nərimanov rayonundakı şəxsi evində Aleksandr Məhərrəmov və anasının öldürülməsi hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
1news.az xəbər verir ki, ilkin məlumatlara görə evdən pul, yaxud zinət əşyası oğurlanmayıb.
Ümumiyyətlə, Məhərrəmovlar ailəsi yüksək imkanlı deyildi.
Ehtimal olunur ki, Aleksandr özü qapını açıb canini ( və ya caniləri) evə buraxıb. Başından ağır yaralar alan Aleksandrın cəsədi qapının yanında tapılıb. Cani (və ya canilər) gedərkən qapını bağlayıb. Buna görə də hüquq-mühafizə orqanları əməkdaşları qapını açmaq üçün xüsusi texnikadan istifadə ediblər.
Nərimanov rayon prokurorluğu hadisə ilə bağlı təhqiqata davam edir.
1news.az
11:21
Üzərində zorakılıq əlamətləri qeydə alınan Aleksandr Məhərrəmovun cəsədi Bakı şəhəri Nərimanov rayonunda aşkarlanıb. Onun “Biznez Dialoq” klubunun rəhbəri və biznes-trener olduğu müəyyən edilib.
1news.az xəbər verir ki, A.Məhərrəmov satış və marketin sahəsində 2005-ci ildən uğurla fəaliyyət göstərirdi.
O, natiq kimi 2011-ci ildən etibarən ( ayda 1-4 dəfə) mütəmadi olaraq auditoriya qarşısında çıxışlar edirdi.
2014-cü ilin sentyabr ayında 1news.az-ın “Uğurun Formulu” bölməsinin qonağı olub.
Qeyd edək ki, Aleksandr və Janna Məhərrəmovların öldürülməsi hadisəsi ilə bağlı AR Cinayət Məcəlləsinin (“Qəsdən iki və ya daha çox şəxsi öldürmə”) maddəsi ilə cinayət işi açılmışdır.
Əldə olunan məlumatlara görə ana və oğul Hacı Məmmədov küçəsi, ev,4, mənzil, 8-də yaşayırdı.
1news.az
10:21
Bakıda mənzildə meyitləri tapılan şəxslərin qətlə yetirildiyi məlum olub.
1news.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Hacı Məmmədov küçəsi, ev,4, mənzil,8 ünvanında ölmüş vəziyyətdə aşkarlanmış şəxslərin ana və oğlu olması müəyyən edilib.
Meyitlərə baxış keçirilərkən onların baş nahiyələrində küt alətlə etdirilmiş zərbələrə xarakterik xəsarətlər aşkar edilib.
Hadisənin kim tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
1news.az
9:15
Bakıda yerləşən mənzillərdən birində iki nəfərin meyiti aşkar edilib.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat veriblər.
Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşların cəsədini aidiyyəti üzrə təhvil veriblər.
1news.az