2015-ci ildə Azərbaycanda 685 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib
2015-ci ilin yanvar-dekabr aylarında 685 kiçik dövlət müəssisə və obyekti, yarımçıq tikililər və nəqliyyat vasitələri, 456 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, keçirilmiş 50 pul hərracında 20 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib.
1news.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat veriblər.
Məlumata görə, ötən dövr ərzində 464 qeyri-yaşayış sahəsi və 298 torpaq sahəsi icarəyə verilib. Hesabat dövründə 5 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib.
İllik xüsusi hesabat formasını təqdim etməli olan 6223 səhmdar cəmiyyəti, dövlət müəssisə və təşkilatlarından ümumilikdə 5808 illik xüsusi hesabat forması qəbul edilib. Bunlardan 4353-ü isə elektron formada təqdim edilib. Hesabat dövründə 2857 ədəd Registrdən çıxarış sənədi hazırlanıb.
Komitədən bildiriblər ki, dövlət mülkiyyətində olan torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət, torpaqlardan əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər aparılıb.
156 fiziki və hüquqi şəxs barəsində inzibati protokol tərtib edilərək icraata götürülüb, 153 min manata yaxın cərimə tətbiq olunub.
2015-ci ilin yanvar-dekabr aylarında 191 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Hesabat dövründə 41371 ipoteka müqaviləsi qeydə alınıb.
1news.az