Prezident İlham Əliyev Türkiyənin Baş naziri ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşü olub.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub.
Yüksək səviyyədə mütəmadi görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın və Türkiyənin birgə iştirakının önəmi vurğulanıb.
Baş nazir Əhməd Davudoğlu dövlətimizin başçısına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını çatdırıb.
Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamına görə minnətdarlığını bildirdirib, onun da salamının Prezident Rəcəb Tayyib Ərdoğana çatdırılmasını xahiş edib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.