Ekoloji qanunvericiliyi pozanlara qarşı 70 akt və protokol tərtib olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 5-15 yanvar tarixlərində aparılan araşdırma nəticəsində bir sıra qanun pozuntuları aşkarlanıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 70 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 5 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 27 iş üzrə 29000 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 31 iş üzrə 2491.6 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 189 iş üzrə 16980.65 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına isə 25 iş göndərilib.
1news.az