Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin konteyner qatarı Bakı Limanına çatdı
Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən sınaqkonteyner qatarı bu gün Ələtdə yerləşən Bakı Limanının Bərə Terminalına çatıb.
1news.az-ın məlumatına görə, 10 vaqon və 20 qırx futluq konteynerdən ibarət sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınmışdı. Qatar Gürcüstanın Poti limanına yanvarın 20-də çatıb. Azərbaycandan sonra qatarın Qazaxıstan-Çin marşrutu ilə hərəkət etməsi nəzərdə tutulur.
Xatırladaq ki, yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər.
Müvafiq protokolu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolu” SC-nin rəisi Mamuka Baxtadze və “Ukrayna Dəmir Yolu” SC-nin İdarə heyətinin sədr əvəzi AleksandrZavqorodniy imzalayıblar.
1news.az