Səlim Müslümov Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Neftçala rayonunda Neftçala, Biləsuvar, Cəlilabad, Salyan və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib.
1news.az-ın məlumatına görə, qəbula gələn vətəndaşların müraciətləri əsasən məşğulluğun təminatı, imtiyazlı şəxslərin mənzil və reabilitasiya vasitələri ilə təmin olunması, bərpa müalicəsinə köməklik edilməsi, avtomobil növbəsinə dayanma üçün tibbi göstərişin verilməsi və s. məsələləri əhatə edib.
Müraciətlər nazirliyin aidiyyəti üzrə məsul şəxsləri ilə birgə obyektiv şəkildə araşdırılaraq müvafiq tədbirlər görülüb. Nazirin tapşırığına uyğun olaraq, müraciətləri əsasında iki nəfər əlilliyi olan şəxs əlil arabası ilə təmin edilib, ayrı-ayrı şəxslər bərpa müalicəsinə cəlb olunmaları üçün qeydiyyata götürülüb, bir qrup şəxsə isə məşğulluqlarının təmin olunması üçün münasib iş yerlərinə göndərişlər verilib.
Nazir qəbula gələn bir sıra vətəndaşların ailələrinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması, əlillik müayinələrinin aparılması, iş tapmaqda çətinlik çəkən şəxslərin yeni peşələrə yiyələnmələri üçün peşə hazırlığı kurslarına cəlb edilmələri və s. barədə göstərişlər də verib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
1news.az