Miqrasiya Xidməti: Qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır
“Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarət gücləndirilir”.
1news.az Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu 2015-ci ilin yekunlarına və bu il qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirədə qurumun rəisi Firudin Nəbiyev deyib. O bildirib ki, daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanunamüvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri davam etdirir. Xidmət Azərbaycanın inkişafından ilk növbədə ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması üçün əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini həyata keçirir. Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarət gücləndirilir. Qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır. Ötən il Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan 26 min 567 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması halı aşkar edilib və müvafiq tədbirlər görülüb.
Ötən il ölkədə qalma müddətinə müvafiq olaraq Azərbaycana girişi qeydə alınmış əcnəbilərdən 670 min 326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb. Dövlət Miqrasiya Xidməti tərəfindən miqrantların ölkədə qanuni əsaslarla olmaq və yaşamaq hüquqlarını həyata keçirmələri üçün 11 elektron xidmət, həmçinin Dövlət Miqrasiya Xidmətinə həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi ilə bağlı portal istifadə verilib. Azərbaycan brendi olan “ASAN Xidmət” mərkəzlərində də DMX tərəfindən bir neçə xidmət növü təqdim olunur. Hesabat dövründə xidmətin “Çağrı” mərkəzinə 99 min 439 telefon zəngi daxil olub. Xidmətə müraciət edənlərin məmnunluğunun təmin edilməsi, məsuliyyətlilik, operativlik və şəffaflıq əsas meyardır.
1news.az