Prezident İlham Əliyev özünə yeni köməkçi təyin etdi
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə 1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
Sərəncama əsasən, Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.
Xatırladaq ki, Әmirov Natiq Әrziman oğlu 1967-ci ildə Şabran rayonunda anadan olub. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu iqtisadçı ixtisası, 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini hüquqşünas ixtisası ilə bitirib.
1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1993-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Vətəndaşların vergiyə cəlb edilməsi şöbəsində böyük dövlət vergi müfəttişi, 1993-1994-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Dövlət Müəssisələrinin, Təşkilatların və Birliklərin Mənfəətinin (gəlirlərinin) vergiyə cəlb edilməsi və sair gəlirlər şöbəsində dövlət vergi müfəttişi, 1994-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyidə Qeyri-dövlət Müəssisələrində Vergi Qanunvericiliyinə və Dövlət Qiymət İntizamına Nəzarət şöbəsinin rəisi, 1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini, 2000-2001-ci illərdə Bakı şəhəri Səbail Rayonu Vergilər İdarəsinin rəis müavini işləyib.
2001-2003-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi iri Vergi ödəyiciləri iləiş üzrə departamentin rəis müavini, 2003-2005-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi, 2005-2009-cu illərdə isə Azərbaycan Respublikası Vergilər nazirinin müavini, 2009-2015-ci illərdə isə Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini vəzifələrində çalışıb.
Ailəlidir, 3 övladı var.