Müdafiə Sənayesi Nazirliyində kollegiya iclası keçirilib
Müdafiə Sənayesi Nazirliyində 2015-ci ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirilib.
1news.az-ın məlumatına görə, iclası açan nazir Yavər Camalov bildirib ki, 2015-ci ildə dünyada iqtisadi-siyasi çətinliklərin daha da artması ölkəmizə təsirsiz ötüşməsə də, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində iqtisadiyyatımızın inkişafı və ictimai-siyasi sabitliyin qorunması təmin edilib.
Respublikanın iqtisadi və ictimai-siyasi həyatında baş verən uğurlardan da danışan nazir Y.Camalov qeyd edib ki, ötən ildə ölkəmiz bir çox beynəlxalq tədbirlərə - “Bakı-2015” birinci Avropa Oyunlarına, müxtəlif sahələri əhatə edən sərgilərə, konfranslara, forumlara və digər tədbirlərə ev sahibliyi edib. Belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi respublikamızın regionda və bütünlükdə dünyada daha yaxından tanıdılmasına xidmət edir .
Məmulatların yaradılması istiqamətində aparılan məqsədyönlü işlər nəticəsində yüzlərlə məhsulun mənimsənilməsinə və silahlanmaya qəbul edilməsinə nail olunub. Nəticədə 2015-ci ilin yekunlarına görə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi ötən illərlə müqayisədə dəfələrlə artıb.
Ötən ildə gecəgörmə cihazının, kompaslı prizmatik binoklların, mina üçün atəş yığımının, qumbaraatan üçün atəş yığımlarının, müxtəlif tipli mina partladıcılarının yaradılması işləri başa çatdırılıb və seriyalı istehsalı təmin edilib. NATO standartlarına uyğun xüsusi təyinatlı snayper tüfənginin, avtomatik topun, xüsusi təyinatlı hücum pulemyotunun və s. məmulatların təcrübi-konstruktor işləri davam etdirilib.
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar 2009-cu ildən beynəlxalq sərgilərdə nümayiş etdirilir və böyük maraqla qarşılanır. MSN bu günə qədər 15 beynəlxalq sərgidə təmsil olunub.
Müdafiə Sənayesi Nazirliyinin təmsil olunduğu digər beynəlxalq sərgilərdə olduğu kimi ötən ilin may ayında Türkiyədə keçirilən “İDEF-2015” sərgisində də nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.
Bu sərgidə, müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və s. olmaqla 184 adda məmulat nümayiş etdirilib.
MSN-in müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar Azərbaycan Silahlı Qüvvələrini təmin etməklə yanaşı, artıq xarici ölkələrə də ixrac olunur.
Nazirlikdə hərbi-texniki əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə davamlı olaraq görüşlər keçirilir, mövcud əməkdaşlıqların genişləndirilməsi və yeni əməkdaşlıqların yaradılmasına dair danışıqlar aparılır.
Bu gün nazirlik hərbi sənayenin müxtəlif istiqamətləri üzrə dünyanın aparıcı şirkət və firmaları ilə sıx əməkdaşlıq edir. Beynəlxalq sərgilərdə nümayiş etdirilən məmulatlara artan maraq sayəsində Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq edən qrumların sayı artmaqda davam edir.
2015-ci ildə də MSN-in Elmi-Tədqiqat İnstitutu və Milli Aerokosmik Agentliyi tərəfindən yeni növ müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində məqsədyönlü işlər aparılıb.
Elmi-tədqiqat və təcrübi-konstruktor işləri aparılmış əsas mövzular müxtəlif növ təlim aviasiya bombalarının, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi sisteminin yaradılması, zirehli nəqliyyat vasitəsində silahların quraşdırılması, sualtı hərbi obyektlərin aşkarlanması metodlarının işlənməsi, aerokosmik məlumatların emalı prinsiplərinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi və ekoloji monitorinq olub.
Hesabat dövründə nazirlikdə fəaliyyət göstərən ETŞ-in müvafiq bölmələrinin 5 iclası keçirilmiş, müxtəlif səpgidə mövzular üzrə müzakirələr aparılıb və bir sıra mövzular üzrə konkret təklif və rəylər qəbul edilib.
Kollegiya iclasında tabeli birlik və müəssisələrin fəaliyyətləri haqqında müəssisə rəhbərlərinin hesabat xarakterli çıxışları dinlənilib.
Sonda nazir Y.Camalov Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı Prezident İlham Əliyevin verdiyi tapşırıqları bir daha iclas iştirakçılarına xatırladıb.
Nazir, Ali Baş Komandan tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların və 2016-cı ildə nazirliyin qarşısında duran vəzifələrin icrası ilə əlaqədar struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verib.
1news.az