Yer kürəsinin təbii peyki olan Ay öz yerini dəyişəcək
Kosmik hadisənin ən maraqlı görüntüsünü yanvarın 31-də saat 07:00-dan sonra müşahidə etmək mümkün olacaq
Bu gündən etibarən Yer kürəsində planetlərin düzülüşü başlayır.
1news.az xəbər verir ki, Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov məlumat verib.
Onun sözlərinə görə, yanvarın 27-də Yer kürəsinin təbii peyki olan Ay öz yerini dəyişəcək, yanvarın 28-də isə artıq Yupiterin yanında olacaq: "Planetlərin düzülüşü yanvarın 29-da görünsə də bu kosmik hadisənin ən maraqlı görüntüsünü yanvarın 31-də saat 07:00-dan sonra müşahidə etmək mümkün olacaq. Belə ki, göydə ardıcıllıq üzrə Yupiter, Ay, Mars, Saturn, Venera, Merkuri düzüləcək".
X.Mikayılov qeyd edib ki, səmada göy cisimləri bir-birinə yaxın məsafədə yerləşəcəklər: "Günəş çıxdıqdan sonra onun işıltısı planetlərin görüntüsünü itirəcək. Bir sırada düzüldüyünə görə çoxları bunu "parad" kimi qəbul edir. Amma bu, planetlərin hərəkətinə görə düzülüş formasıdır".