Roma Papası İsveçə səfər edəcək
Bu il oktyabrın 31-də İsveçin Lund şəhərində Ümumdünya Lüteran Federasiyasının Konqresi keçiriləcək. Roma Papası Fransisk həmin konqresdə iştirak etmək üçün İsveçə səfər etmək niyyətindədir.
Bu hadisənin əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə katoliklər və lüteranlar protestantların bayramında görüşəcəklər: konqres 2017-ci ildə bütün dünyada təntənəli şəkildə qeyd olunacaq “Reformasiya”nın 500 illik yubileyinə həsr edilir.
Roma kilsəsinin başçısı səfəri çərçivəsində lüteranlarla birlikdə ibadətdə iştirak edəcək, habelə gənclərlə görüşəcək.
“Reformasiya” XVI-XVII əsrlərdə Qərbi və Mərkəzi Avropada geniş yayılmış dini və ictimai-siyasi hərəkat olub. Adətən, bu hərəkatın başlanğıcını görkəmli xristian ilahiyyatçı Martin Lüterin çıxışı ilə əlaqələndirirlər. 1517-ci ildə oktyabrın 31-də Martin Lüter özünün məşhur “95 tezis”ini açıqlayaraq katolik kilsə tərəfindən sui-istifadə hallarını ifşa edib. Bununla əlaqədar, iki kilsə arasında münasibətlər əsrlər boyu neqativ xarakter daşıyırdı.
Qeyd edək ki, pontifik İsveçə sonuncu dəfə 1989-ci ildə səfər edib.
AZERTAC