“Toyota” şirkəti 2015-ci ildə də avtomobil satışı üzrə dünya lideri olub
Yaponiyanın tanınmış “Toyota” avtomobil istehsalı şirkəti 2015-ci ildə ardıcıl dördüncü dəfə olaraq dünyada məhsullarının satışı üzrə lider olub.
1news.az-ın AZERTAC-a istinadla verdiyi xəbərə əsasən, şirkətin rəsmi nümayəndələrinin bildiridiyinə görə, “Toyota” qrupuna daxil olan müəssisələr ötən il 10 milyon 150 min nəqliyyat vasitəsi satıblar. Buraya “Daihatsu” və “Hino” müəssisələrinin məhsulları da daxildir.
Satış üzrə məhsulların miqdarı ötən illə müqayisədə 0,8 faiz azalıb və bu, son dörd ildə ilk azalma olub.
“Toyota” şirkətinin məhsulları əsasən ABŞ və Çində böyük miqdarda satılıb. Yaponiyanın özündə isə mikrolitrajlı avtomobillərin vergi ödənişinin artması ilə əlaqədar bu sahədə durğunluq müşahidə olunub.
Şirkətin rəhbərliyi cari ildə 10 milyon 110 min avtomobil satmaq barədə vəzifə müəyyən edib. Şirkətdə Yaponiyada hibrid modellərə sorğunun artması nəticəsində satışın da çoxalacağına ümid edirlər. Bununla yanaşı, İndoneziya, Tailand və inkişafın yüksək tempi ilə fərqlənən ölkələrdə iqtisadi tərəqqinin zəifləməsinin satışa mənfi təsir göstərəcəyi də proqnozlaşdırılır.
1news.az