Prezident İlham Əliyev Dubaydakı məşhur “Bürc-Xəlifə” ilə tanış olub - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Dubaydakı məşhur “Bürc-Xəlifə” ilə tanış olub - FOTO

21:01 - 01 / 02 / 2016
Prezident İlham Əliyev Dubaydakı məşhur “Bürc-Xəlifə” ilə tanış olub - FOTO

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Prezident İlham Əliyev fevralın 1-də Abu Dabidən Dubaya gəlib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev Dubaydakı məşhur “Bürc-Xəlifə” binası ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verilib ki, dünyanın ən böyük göydələni olan “Bürc-Xəlifə”nin tikintisi 2004-2009-cu illərdə həyata keçirilib. 2010-cu ildə binanın möhtəşəm açılışı olub.

Əvvəllər “Bürc-Dubay” adlandırılan 165 mərtəbəli bu möhtəşəm tikilinin hündürlüyü 828 metrdir. Binanın 150-ci mərtəbəsindən sonrakı hissələrinin tikintisində polad konstruksiyalardan istifadə olunub. Bununla da “Bürc-Xəlifə” dünyada ilk dəfə beton kütlə üzərində polad konstruksiyalardan istifadə olunan tikili kimi tarixə düşüb.

Dünya memarlığının nadir incilərindən olan “Bürc-Xəlifə”nin özəllikləri bununla bitmir. Əsas diqqət tikinti zamanı küləkdən qorunmaya yönəldilib. Dünyada ən hündürə qalxan və ən sürətli liftlər də bu binada işləyir.

“Bürc-Xəlifə”nin 158-ci mərtəbəsində dünyanın ən yüksəklikdə yerləşən məscidi, 76-cı mərtəbəsində ən hündür üzgüçülük hovuzu və 122-ci mərtəbəsində restoran fəaliyyət göstərir. Kompleksin daxilində otellər, evlər, ofislər və ticarət mərkəzləri yerləşir.

Binanın daxili məxsusi olaraq “Bürc-Xəlifə” üçün hazırlanmış ətirlərlə təravətləndirilir. Göydələnin şüşələri günəş şüalarının qarşısını alaraq daxildə optimal temperatur rejiminin saxlanmasına şərait yaradır. “Bürc-Xəlifə” öz möhtəşəmliyi ilə Dubayın yeni işgüzar hissəsinin rəmzi sayılır.

1news.az

 

Paylaş:
1287

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər