Türkiyə TANAP-ın tikintisini dayandırdı
Azərbaycan qazını Avropaya daşıyacaq TANAP layihəsinin Türkiyə hissəsində tikinti işləri dayandırılıb.
1news.az-ın “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, buna səbəb Azərbaycanın Xəzər dənizindəki təbii qazı öncə Türkiyəyə, daha sonra Avropaya nəql edəcək 850 km. uzunluğundakı “Trans Anadolu” Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) çərçivəsində işlərin həyata keçirildiyi Ankara bölgəsində qədim dövrə aid arxeoloji qalıqların tapılmasıdır.
Belə ki, Gölbaşı rayonunun Dikilitaş məhəlləsində boruların yerləşdiriləcəyi tunel buldozerlə qazılarkən qədim Roma İmperiyası dövrünə aid yeraltı otaqlar aşkar olunub.
Üzərində xaç simvolları olan otaqların aşkar olunmasından sonra bölgədə boru döşəmə işləri dayandırılıb.
VII əsrə aid olduğu ehtimal edilən otaqlarda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri araşdırmalar aparırlar. Mütəxəssislər otaqların həmin dövrə aid məzar olduğunu ehtimal edirlər.
1news.az