Rövnəq Abdullayev həyatındakı ən çətin anlardan danışdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rövnəq Abdullayev həyatındakı ən çətin anlardan danışdı

12:01 - 02 / 02 / 2016
Rövnəq Abdullayev həyatındakı ən çətin anlardan danışdı

SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2 fevral Gənclər günü ərəfəsində Baki Ali Neft Məktəbinin (BANM) tələbələri ilə qeyri-rəsmi ortamda görüş keçirib.

1news.az-ın məlumatına görə, “Qalstuksuz görüş” formatında keçirilən tədbirdə SOCAR-ın prezidenti R.Abdullayev tələbələri maraqlandıran bütün sualları cavablandırıb, görüş zamanı maraqlı müzakirələr və fikir mübadiləsi aparılıb.

Görüşdə SOCAR-ın prezidenti tələbələri qarşıdan gələn Gənclər günü münasibətilə təbrik edib, gənclərə onları maraqlandıran bütün suallarla müraciət etmək imkanı yaradaraq verilən sualların hamısını ətraflı cavablandırıb.

Tələbələr SOCAR-ın və BANM-ın fəaliyyəti, inkişaf perspektivləri, dünya neft sənayesində baş verən proseslərlə bağlı SOCAR-ın prezidentinin mövqeyi ilə tanış olublar.

R.Abdullayev BANM-in tikintisi yekunlaşmaqda olan yeni kampusu, SOCAR-ın xaricdə təhsil proqramı, SOCAR haqqında media orqanlarında yazılan müxtəlif məsələlər haqqında, o cümlədən keçən il dekabrın 4-də dənizdə təbii fəlakət zamanı “Neft Daşları”nda və “Günəşli” yatağındakı 10 nömrəli özüldə baş vermiş qəza zamanı həlak olan nefçilərlə bağlı,  həmin faciədə həlak olanların və itkin düşənlərin ailələrinə maddi və mənəvi yardımların göstərilməsinə, Gürcüstandakı dini məbədlərə SOCAR-ın hesabına qaz verilməsi ətrafında süni surətdə yaradılan qalmaqala və sosial şəbəkələrdə aktual olan bir sıra digər məsələlərə münasibətini bildirib.

SOCAR-ın prezidenti tələbələrin şəxsi mövzuda verdiyi sualları da səmimi şəkildə cavablandıraraq, onlara keçdiyi həyat yolu, peşəsində atdığı ilk addımları, həyatında rast gəldiyi çətinliklər və karyerasında əldə etdiyi uğurlarından da söz açıb.

Neftçi peşəsinin çətin və məsuliyyətli, lakin şərəfli və vacib bir peşə olduğunu vurğulayan R.Abdullayev BANM-in tələbələrinin yüksək ixtisaslı, peşəkar mühəndislər kimi yetişməsi üçün Ali Məktəbdə yüksək səviyyədə tədrisin qurulduğunu, Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlığın olduğunu qeyd edib, onların ingilis dilli mütəxəssislər kimi həm SOCAR-da, həm də dünyadakı beynəlxalq neft və qaz şirkətlərində gələcəkdə öz yerini tutacaqlarına əminliyini ifadə edib.

Sonra R.Abdullayev BANM-in “Neft-qaz mühəndisliyi” kafedrasının dosenti Xanım Cəfərovaya “Fəxri diplom” təqdim edib və ona uğurlar arzulayıb. Eyni zamanda, SOCAR-ın prezidenti “Ən yaxşı sual” üzrə nominasiyada ilk sualı ünvanlayan BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 2-ci kursda təhsil alan Pakizə Paşayevanın cəsarətinə görə qalib seçildiyini elan edib və ona hədiyyə təqdim edib.

SOCAR-ın prezidenti tələbələrlə canlı dialoq şəklində qurulan görüşün əhəmiyyətini vurğulayaraq belə tədbirlərin bundan sonra da mütəmadi olaraq keçiriləcəyini bildirib.

1news.az

Paylaş:
1177

Son xəbərlər

Bütün xəbərlər