"British Airways" Tehrana aviareyslərini bərpa edir
Bu istiqamətdə reyslər həftədə 6 dəfə yerinə yetiriləcək.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə “RED Communications”a məlumat yayıb.
Məlumatda bildirilir ki, şirkətin sərnişinləri birbaşa reyslərin bərpa olunmasından sonra iyul ayının 14-dən etibarən Tehrana səfər edə biləcəklər.
Bu istiqamətdə reyslər həftədə 6 dəfə, bu ilin sonundan başlayaraq isə hər gün yerinə yetiriləcək. Uçuşlar Londonun Hitrou hava limanının 5-ci terminalından 4 sinifdən ibarət geniş göyərtəyə malik olan “Boeing 777” təyyarəsi ilə həyata keçiriləcək.
“İran inkişafda olan iqtisadiyyata malik iri ölkədir, Tehran isə bir çox işgüzar səfərlərə ev sahibliyi edən gözəl şəhərdir. Məhz bu səbəbdən Yaxın Şərq regionu istiqamətində uçuşlarımıza daha bir məntəqənin əlavə olunması bizim üçün çox sevindiricidir. Bir müddət əvvəl sanksiyaların aradan qaldırılması İran üçün yeni cəlbedici perspektivlər açıb. İnanıram ki, unikal memarlıq nümunələri, dünya səviyyəli qida məhsulları və zəngin irsə malik olan Tehran 2016-cı ildə turistlərin sevimli məkanına çevriləcək”, - deyə “British Airways”in Yaxın Şərq, Afrika və Mərkəzi Asiya regionu üzrə direktoru Paolo de Renzis bildirib.
Qeyd edək ki, “British Airways”in London-Tehran marşrutu üzrə ilk uçuşu 1946-cı ildə həyata keçirilib. Şirkət hazırda 10-u İngiltərə, 106-sı Avropa və 83-ü dünyanın digər istiqamətlərinə olmaqla, 199 istiqamətdə uçuşlar həyata keçirir.
1news.az