Yaponiya sahillərində sürətli sərnişin bərəsi balina ilə toqquşub
Yaponiya sahillərində balina ilə toqquşan sürətli sərnişin bərəsi idarəni itirib. Kyodo agentliyinin məlumatına əsasən, sahil mühafizəsinin gəmiləri yardım üçün artıq yola düşüblər.
Əldə olan məlumatlara əsasən, bərə Atami (Şizuoka prefekturası) limanından İcuoşima adasına gedirmiş. Bərənin göyərtəsində 69 sərnişin və beş heyət üzvü var. Qəza zamanı heç kim xəsarət almasa da, sonradan yeddi nəfərin özünü pis hiss etdiyi bildirilib.
Toqquşma nəticəsində bərədə açılan deşikdən su daxil olsa da, gəminin batma təhlükəsi yoxdur. Bununla yanaşı, bərə müstəqil hərəkət etmək qabiliyyətini itirib və hazırda sahil mühafizəsi gəmilərinin köməyini gözləyir.
Bu, son ay Yaponiya sahillərində nəhəng məməlilərlə baş verən ilk hadisə deyil. Belə ki, yanvarın 8-də baş vermiş oxşar hadisə nəticəsində doqquz nəfər xəsarət almışdı.
AZƏRTAC