İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

17:38 - 09 / 02 / 2016
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

Bu gün İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib.

1news.az-ın məlumatına görə, Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev dünya enerji bazarındakı qeyri-sabitlik və digər neqativ proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, bu mənfi təsirlərin minimuma endirilməsi istiqamətində görülən tədbirlər və ölkənin iqtisadi siyasətindəki prioritetlər barədə məlumat verib.

Vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, dünyadakı qlobal böhran fonunda 2015-ci ildə ölkəmizdə ümümi daxili məhsul, eləcə də qeyri-neft sektoru 1,1%, sənaye 2,4%, qeyri-neft sənayesi 8,4%, kənd təsərrüfatı 6,6%, əhalinin gəlirləri 5,7%, orta aylıq əmək haqqı 4,5% artıb. İqtisadiyyata 20 mlrd. dollar investisiya qoyulub, 2004-2015-ci illərdə 1,5 milyona yaxın yeni iş yeri yaradılıb.

Kollegiya iclasında diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin sonuncu müşavirələrdə qarşıya qoyduğu vəzifələr bu mürəkkəb xarici iqtisadi mühitdə ölkəmizin sosial-iqtisadi inkişafını təmin edəcək strateji inkişaf proqramıdır. Belə ki, dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı strategiyasının davam etdirilməsi, o cümlədən iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, yerli sahibkarlar tərəfindən Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoyulması, ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sosial infrastruktur layihələrinin davam etdirilməsi, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlərin görülməsi, istehlak qiymətlərinə nəzarət və süni qiymət artımının qarşısının alınması, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi və s. tapşırıqlar verib.

İqtisadiyyat Nazirliyi tərəfindən ötən il görülən işlərdən danışan nazir Ş.Mustafayev qeyd edib ki, dövlət proqramlarının icrası davam etdirilib, bu çərçivədə müxtəlif sahələrdə layihələr həyata keçirilib.

Sənayeləşmə siyasətinə uyğun olaraq, ötən il qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilib, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanılıb.

Hazırda Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye, Mingəçevir və Qaradağ sənaye parklarının təşkili, Neftçala Sənaye Məhəlləsində infrastrukturun yaradılması işləri intensiv şəkildə davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması, demək olar ki, başa çatdırılıb və dörd rezident tərəfindən 1 milyard ABŞ dollarından çox investisiyanın yatırılması planlaşdırılır. Artıq Parkın rezidenti “Azertexnolayn” şirkəti dəyəri 45 mln. ABŞ dolları olan 60 min ton boru məhsulunun ixracı barədə müqavilə imzalayıb.

Balaxanı Sənaye Parkında xarici infrastrukturun qurulması əsasən başa çatdırılıb, 4 rezident tərəfindən 10 mln. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.

Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu və Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda dəyəri 40 mln. dollar olan ilk sifariş yerinə yetirilib və hazırda  dəyəri 400 mln. dollardan yuxarı olan sualtı tikinti gəmisinin və üç ədəd sərnişin gəmisinin tikintisi aparılır. İndiyədək isə Azərbaycan İnvestisiya Şirkəti tikinti materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, logistika və s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard dollardan artıq olan layihələrdə iştirak edib. Bu layihələrə 450 milyon dollar birbaşa xarici investisiya cəlb olunub. Layihələr çərçivəsində İsveçrə, Almaniya, Sinqapur, Türkiyə və digər ölkələrin qabaqcıl texnologiya və təcrübəsi tətbiq edilib.

Neftçala Sənaye Məhəlləsində isə yaxın aylarda sahibkarlar tərəfindən ümümi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanacaq və bunun nəticəsində 380 iş yeri açılacaq. Masallıda Sənaye Məhəlləsinin təşkili üçün hazırlıq işləri aparılır.

Hazırda yerli potensial nəzərə alınmaqla digər regionlarda da texnoparkların, sənaye klasterlərinin və sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də dəmir filizi hasilatından polad istehsalına qədər bütün istehsal prosesini əhatə edən layihələndirmə işləri davam etdirilir.

İclasda Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxladığı, sonuncu müşavirələrdə də kənd təsərrüfatı məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi və məhsuldarlığın artırılması, pambıqçılığın, tütünçülüyün, çayçılığın, üzümçülüyün və digər ənənəvi sahələrin inkişafı istiqamətində bir sıra tapşırıqlar verildiyi qeyd edilib. Bununla əlaqədar, Kənd Təsərrüfatı və digər aidiyyəti qurumların iştirakı ilə İqtisadiyyat Nazirliyində pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrlə müzakirələr keçirilib. Müzakirələrdə qeyd edilib ki, bu sahəyə dövlət dəstəyi gücləndiriləcək, fermerlərdən pambığın əhəmiyyətli dərəcədə baha qiymətə alınması təmin ediləcək. Ümumilikdə, 2016-cı ildə əvvəlki ildəkindən 80% çox - 30 min hektar sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır. Stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin genişləndirilməsi bu sahədə çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına və ya 15 mindən çox yeni iş yerinin açılmasına imkan verəcək.

İqtisadiyyat Nazirliyində digər kənd təsərrüfatı məhsullarının istehsalçıları və emalçıları ilə müzakirələr də aparılıb, onların problemləri və təklifləri öyrənilib. Hazırda bu təkliflərin reallaşdırılması üçün tədbirlər görülür.

Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının yaradılması işləri davam etdirilir. Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir.

İclasda digər regionlarda da yeni iri fermer təsərrüfatlarının, aqroparkların və s. yaradılması imkanlarının araşdırılması barədə Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Kollegiya iclasında dövlət başçısı tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində qəbul edilmiş qərarların özəl bölmənin inkişafında mühüm əhəmiyyəti qeyd olunub, bu sahədə görüləcək tədbirlər geniş müzakirə edilib.

Vurğulanıb ki, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən olunub, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə azaldılıb. Eyni zamanda, həmin fəaliyyət növü regionlarda həyata keçirildiyi hallarda dövlət rüsumu 4 dəfə az ödəniləcək. Artıq lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilir ki, bu da sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində və şəffaflığın təmin olunmasında xüsusilə önəmlidir.

Bildirilib ki, 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 39-u regionlarda, 7-si isə Bakıətrafı qəsəbələrdə olmaqla 46 işgüzar forum keçirilib, 5243 sahibkara 248.5 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 12600-dək yeni iş yerinin açılması imkanı yaradılıb. Verilmiş kreditlərin 64%-i regionların, 36%-i Bakı şəhərinin qəsəbələrinin payına düşür. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2016-cı ildə sahibkarlara dövlət maliyyə dəstəyi daha da gücləndiriləcək, ötən ilki səviyyədən daha çox güzəştli kreditin verilməsi təmin ediləcək.

Sahibkarların maarifləndirilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2015-ci ildə 132 tədbir keçirilib, 3000-ə yaxın tədbir iştirakçısına korporativ idarəetmə standartları, biznes-planların tərtib edilməsi, ixrac imkanlarının genişləndirilməsi və s. məsələlər barədə məlumat verilib. Biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üçün ötən il iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 36 sahibkar və gənc menecer, indiyədək isə 256 sahibkar Almaniyada ixtisasartırma kursu keçib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə “Dövlət satınalmaları haqqında” Qanunda edilmiş dəyişikliyə uyğun olaraq, yerli sahibkarlara güzəştin 20%-dək yüksəldilməsi onların tender layihələrini qazanmaq imkanlarını artırmaqla, yerli istehsalın genişlənməsinə əlavə dəstək verəcək.

İclasda həmçinin, ənənəvi sənətkarlıq sahələrinin, xüsusilə xalçaçılığın inkişaf etdirilməsinin məşgulluğun artırılmasında rolu qeyd olunub, bu sahənin inkişafı üçün görüləcək tədbirlər müzakirə edilib. Bununla yanaşı, idxaldan asılılığın azaldılması, o cümlədən yerli istehsalda xarici komponentlərdən istifadənin aşağı salınması və onların yerli istehsalının təşkili üçün imkanların araşdırılması məsələləri də müzakirə olunub.

Sahibkarların şikayətlərinə daha həssas yanaşılması, şəffaf və obyektiv baxılması, hüquqlarının və qanunla qorunan maraqlarının daha etibarlı müdafiəsi məqsədi ilə artıq İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb.

Kollegiya iclasında Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, qeyri-neft məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması və ixracının genişləndirilməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.

Qeyd edilib ki, bu sahədə 2015-ci ildə də bir sıra tədbirlər həyata keçirilib, AZPROMO tərəfindən 177-si Azərbaycanda, 84-ü isə xarici ölkələrdə olmaqla 261 tədbir təşkil olunub. Yerli və xarici iş adamlarının iştirak etdiyi tədbirlərdə ölkəmizin investisiya imkanları təqdim edilib, Azərbaycan istehsalı olan məhsulların ixracı təşviq edilib, xarici tərəfdaşlarla ixraca dair müqavilələr imzalanıb.

İnvestisiyaların təşviqi ilə bağlı qəbul edilmış qərarlarla investorlara vergi və gömrük güzəştlərinin verilməsi sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına səbəb olacaq, bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək.

Belə ki, prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən sahibkarların investisiya təşviqi sənədini aldıqları andan idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular 7 il müddətinə gömrük rüsumlarından azad olunur. Eyni zamanda, sahibkarlar investisiya təşviqi sənədinə əsasən 7 il müddətinə fiziki şəxslərin gəlirinin və hüquqi şəxslərin mənfəətinin 50%-nə görə vergidən, həmçinin əmlak və torpaq vergisindən, müvafiq təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə ƏDV-dən azaddır.

Bundan başqa, potensial ixrac bazarları ölkələrində logistik mərkəzlərin yaradılması istiqamətində araşdırmalar aparılır, ixrac məlumat bazasının (elektron portal) yaradılması üçün işlər görülür. İxracda xüsusi önəm kəsb edən qablaşdırmanın əhəmiyyəti nəzərə alınaraq, bu sahədə müəssisələrin yaradılması təşviq olunacaq, bu sahəyə dövlət dəstəyi daha da gücləndiriləcək.

Bu sahədə ötən il görülən işlərə toxunan Ş.Mustafayev artıq Qazaxıstanın Aktau şəhərində Azərbaycanın ilk logistik mərkəzinin yaradıldığını qeyd edib. Qeyri-neft sektorunun inkişafında, ölkəmizin tranzit və ixrac imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edən Logistik mərkəz sahibkarlara, xüsusilə də ixracatçılara bir sıra imkanlar və üstünlüklər təqdim edir.

Görülən işlərin nəticəsidir ki, ötən il Azərbaycandan xarici ölkələrə 2477 adda məhsul ixrac edilib. Bu isə əvvəlki illə müqayisədə 15,2% çoxdur.

Nazir Ş.Mustafayev dövlət başçısının “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə İqtisadiyyat Nazirliyi qarşısında bir sıra vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, ixracın stimullaşdırılması məqsədilə hazırda İqtisadiyyat Nazirliyində ixrac prosedurunun sadələşdirilməsi, beynəlxalq təcrübə əsasında ixracın təşviqi mexanizmləri, o cümlədən ixrac kreditləşməsi, xarici bazarlarda təşviqat və brendləşmə, logistikanın yaxşılaşdırılması və s. tədbirlərin həyata  keçirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb. Qeyd edək ki, indiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.

Dövlət başçısının əsasını insan amili təşkil edən sosial siyasətinə uyğun olaraq, əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də dövlət proqramları çərçivəsində əhalinin sosial müdafiəsi tədbirləri, sosial infrastrukturun - məktəblərin, uşaq bağçalarının, tibb ocaqlarının tikintisi, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması, eyni zamanda istehlak qiymətlərinə mütəmadi nəzarət və süni bahalaşmanın qarşısının alınması tədbirləri davam etdiriləcək.

İstehlakçı hüquqlarının qorunmasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti nəzərə alınaraq, istehlakçıların iştirakı ilə ötən il Bakıda və regionlarda 30-a yaxın konfrans, dəyirmi masa və  seminar təşkil olunub, istehlakçı hüquqlarına dair 18 adda 85 mindən artıq buklet, 6 adda 5 mindən artıq yaddaş kitabçası çap olunaraq paylanıb, hazırlanmış maarifləndirici məlumatlar 560 mindən çox istifadəçinin elektron poçt ünvanına göndərilib.

Ötən il istehlakçıların hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunması istiqamətində tədbirlər davam etdirilib, saxlama müddəti ötmüş, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan ümumilikdə 18,8 ton ərzaq və 0,5 ton qeyri-ərzaq mallarının satışı dayandırılıb.

Mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə uyğun olaraq, 2015-ci ildə 9 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) qeydiyyatdan keçib, bununla da, onların sayı 18-ə çatıb. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Xırdalan və Mingəçevir şəhərində yerləşən çoxmənzilli  binalarda yeni idarəetmə üsullarının tətbiqi, yeni MMMC-nin yaradılması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilir.

2015-ci ildə Böyükşor gölünün ekoloji bərpasının birinci mərhələsi başa çatdırılıb. Bu mərhələdə gölün 300 hektara yaxın hissəsi bərpa olunub və ətraf ərazi təmizlənərək abadlaşdırılıb. Gölün Olimpiya stadionu sahilində salınmış Böyükşor bulvarında 80 min ağac və kol bitkiləri əkilib. Hazırda Böyükşor və Zığ gölləri üzrə tədqiqat-mühəndislik, layihə-smeta və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədləri hazırlanır. Eyni zamanda, Böyükşor gölünün kompleks bərpası layihəsinin 2-ci fazası üzrə 380 hektarlıq hissəsinin dibinin təmizlənməsinə hazırlıq işləri görülür və yaxın vaxtlarda işlərə başlanacaq.

Kollegiyanın sədri Ş.Mustafayev dövlət başçısının son müşavirələrdəki çıxışlarından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Kollegiya iclasında cari məsələlər də müzakirə edilib, İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2016-cı il üçün İş Planı təsdiq olunub.

1news.az

Paylaş:
744

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər