Atletika üzrə Azərbaycan çempionatının ilk yarış günü başa çatıb
Fevralın 19-da Azərbaycanın Respublika Olimpiya Mərkəzində atletika üzrə respublika birinciliyi start götürüb.
1news.az-ın məlumatına görə, 9 hərəkət üzrə yarışda Bakı, Balakən, Neftçala və Sumqayıtdan olan 2001-2002-ci il təvəllüdlü oğlan və qızlar iştirak edirlər.
Çempionatın ilk günü 117 atlet beş hərəkətdə yarışıb. Oğlan və qızların yarışlarında yadro itələnməsi üzrə Elnur Hacıyev və Fatimət Musayeva qalib gəlib. 60 metr məsafəyə qaçışda Riad Quluzadə və Fəxriyə Tağızadə, 600 metr məsafəyə qaçışda isə Sərvər Yılmaz və Jalə Nəsirova fərqləniblər. Ləman Hüseynova hündürlüyə tullanmada, Rüstəm Məmmədov isə üç təkanla uzunluğa tullanmada birinci yeri tutub.
İlk üç yeri tutan idmançılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Fevralın 20-də, çempionatın ikinci yarış günündə 88 atlet 4 hərəkətdə – 300, 1000 metr məsafəyə qaçış, uzunluğa tullanma və 4x200 metr məsafəyə estafet qaçışında yarışacaq.
AZƏRTAC