Politoloq: “Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məsuliyyətdən yayınmağa çalışır” | 1news.az | Xəbərlər
Mövqe

Politoloq: “Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məsuliyyətdən yayınmağa çalışır”

Oksana Orucova17:59 - Bu gün
Politoloq: “Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məsuliyyətdən yayınmağa çalışır”

Birinci Qarabağ müharibəsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, 4 010 azərbaycanlının taleyi hələ də naməlum olaraq qalır.

Onların arasında mülki şəxslər və hərbi qulluqçular var.

Minlərlə ailə bu günədək yaxınlarının taleyi, harada və hansı şəraitdə öldürülməsi, dəfn yerləri barədə cavab gözləyir. İtkin düşmüş şəxslər problemi Azərbaycanın qarşısında duran ən ciddi humanitar məsələlərdən biri olmaqla yanaşı, Ermənistanla davamlı sülhün təmin olunması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan–Ermənistan sülh gündəliyində bu məsələnin həlli mühüm yer tutur. 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin 9-cu maddəsində itkin düşmüş şəxslər və məcburi yoxaçıxma halları üzrə əməkdaşlığın nəzərdə tutulması da bunun göstəricisidir. Lakin Ermənistan tərəfinin 200-dən çox dəfn yeri və kütləvi məzarlığın koordinatlarını təqdim etmək vədinə əməl etməməsi ciddi narahatlıq doğurur. Bu məlumatların gizlədilməsi təkcə ailələrin öz yaxınlarının taleyini öyrənməsinə mane olmur, həm də azərbaycanlı əsir və girovlara qarşı törədilmiş mümkün müharibə cinayətlərinin araşdırılmasını çətinləşdirir.

Problemin digər mühüm tərəfi itkinlərin axtarışı ilə mina təhlükəsinin əlaqəsidir. İşğaldan azad edilmiş ərazilərdə məzarlıqların ətrafında və yaşayış məntəqələrində minaların aşkarlanması axtarışları çətinləşdirir və insanların təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına mane olur. Buna görə də Ermənistanın həm dəfn yerləri barədə məlumatları, həm də dəqiq mina xəritələrini təqdim etməsi vacibdir.

Beləliklə, itkinlərin taleyinə aydınlıq gətirilməsi yalnız humanitar məsələ deyil, həm də Ermənistanın beynəlxalq öhdəlikləri və sülh prosesinə sadiqliyi baxımından prinsipial əhəmiyyət daşıyır. Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini bu problemə yönəltməli, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə nail olmaq üçün diplomatik və hüquqi səylərini davam etdirməlidir.

Bu məsələ ilə bağlı politoloq Samir Hümbətov 1news.az-a açıqlama verib.

Politoloq açıqlamasında bildirib ki, əgər bu günə qədər həmin şəxslərdən xəbər yoxdursa, bu onların böyük əksəriyyətinin sağ olmadığını göstərir:

“Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmalarda bu məsələ əslində çox ciddi şəkildə qarşı tərəfin diqqətinə çatdırılmışdı. Çünki Birinci Qarabağ müharibəsindən indiyədək 4 000-dən çox vətəndaşımız itkin düşmüş hesab olunur. Onların arasında həm mülki şəxslər, həm də hərbçilər var. Təəssüf ki, bu günə qədər onların taleyi ilə bağlı dəqiq məlumat əldə etmək mümkün olmayıb və Ermənistan hökuməti də bu istiqamətdə hər hansı ciddi məlumat təqdim etmir.

Təbii ki, uzun illər ərzində bu şəxslərin taleyi ilə bağlı məlumat verilməməsi onların böyük əksəriyyətinin sağ olmadığı ehtimalını gücləndirir. Lakin Ermənistan hökuməti ötən müddət ərzində üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, bu məsələdə Azərbaycanla lazımi əməkdaşlığı həyata keçirmir. Artıq razılaşmaların əldə olunmasından bir ildən çox vaxt keçsə də, konkret nəticə yoxdur”.

Samir Hümbətov həmçinin bildirib ki, böyük ehtimalla, Ermənistan hökuməti baş vermiş hadisələrlə bağlı məsuliyyətdən yayınmağa çalışır:

“Bu gün söhbət yalnız 204 kütləvi məzarlıqdan deyil, ümumilikdə 4 000-dən çox itkin şəxsin taleyinin naməlum qalmasından gedir. Böyük ehtimalla, Ermənistan hökuməti baş vermiş hadisələrlə bağlı məsuliyyətdən yayınmağa çalışır. Hesab edirəm ki, Azərbaycan dövləti bu məsələdə həm beynəlxalq məhkəmə instansiyalarına müraciət etməli, həm də Ermənistan hökumətindən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini qətiyyətlə tələb etməlidir.

Eyni zamanda, 8 avqust tarixli razılaşma çərçivəsində təminatçı rolunu üzərinə götürmüş ABŞ-ni də bu məsələdə daha fəal mövqe nümayiş etdirməyə, mövcud vəziyyətin araşdırılması və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atmağa çağırmaq lazımdır.

Düşünürəm ki, bu istiqamətdə ardıcıl və məqsədyönlü diplomatik və hüquqi fəaliyyət nəticəsində müəyyən nəticələr əldə etmək mümkündür”.

 

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər