CONMEBOL Canni İnfantinonun FIFA prezidentliyinə namizədliyinə dəstəyini təsdiqləyib

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Canni İnfantinonun FIFA prezidentliyinə namizədliyinə qəti dəstəyini yekdilliklə təsdiqləyib. İnfantino qurumun Mərakeşdə mart ayında keçirilməsi planlaşdırılan konqresində yenidən seçilmək üçün mübarizə aparacaq.
CONMEBOL-un məlumatına görə, müvafiq qərar təşkilatın Şurasının Barrankilyada keçirilən iclasında qəbul olunub.
CONMEBOL Cənubi Amerika Kubokunun finalı ərəfəsində baş tutan toplantıda konfederasiyaya daxil olan 10 ölkə C. İnfantinonun namizədliyini dəstəklədiyini bir daha bəyan edib.
Hələ 2025-ci ilin may ayında Paraqvayda keçirilən FIFA Konqresində ifadə olunmuş bu dəstək dəyişməz qalıb. Qərar İnfantinonun liderliyinin və dünya futbolunda baş verən müsbət dəyişikliklərin tanınması kimi qiymətləndirilir.








