BMT reytinqində 36 pilləlik sıçrayış: Azərbaycanın rəqəmsal uğurunun arxasında nə dayanır? – Ekspertdən açıqlama

Azərbaycana rəqəmsal hökumət sahəsində əldə edilən nəticələr ölkənin beynəlxalq reytinqlərdə mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub.
Belə ki, BMT-nin son hesabatına əsasən, Azərbaycan Elektron Hökumətin İnkişafı İndeksində (EGDI) cəmi iki il ərzində 36 pillə irəliləyərək 38-ci yerə yüksəlib. Xüsusilə onlayn dövlət xidmətləri üzrə əldə olunan nəticələr diqqət çəkir.
Azərbaycan bu istiqamətdə 56 pillə irəliləyərək 11-ci mövqedə qərarlaşıb və Böyük Britaniya, ABŞ, Kanada kimi inkişaf etmiş ölkələri geridə qoyub.
Bu nəticələr ölkədə rəqəmsallaşma prosesinin sürətləndiyini, dövlət xidmətlərinin elektronlaşdırılması və vətəndaşlar üçün əlçatanlığının artırılması istiqamətində görülən işlərin beynəlxalq səviyyədə də qiymətləndirildiyini göstərir. "myGov" platforması, qurumlararası məlumat mübadiləsi sistemləri və kağızsız hökumət prinsiplərinin tətbiqi bu transformasiyanın əsas elementləri sırasında yer alır.
Bununla belə, Azərbaycanın reytinqdə yüksəlməsi rəqəmsal hökumət sahəsində qarşıda duran vəzifələri, əldə olunan nəticələrin davamlılığını və növbəti mərhələdə hansı istiqamətlərə diqqət yetirilməli olduğunu da gündəmə gətirir.
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, İKT üzrə ekspert Elvin Abbasov deyib ki, Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) iki il ərzində 74-cü yerdən 38-ci yerə yüksəlməsi və ümumi indeks balının 16,3 faiz artaraq 0,8847-yə çatması vahid mərkəzdən idarə olunan institusional və texnoloji arxitekturanın nəticəsidir.
"Bu prosesdə dövlət başçısının müəyyən etdiyi 'Azərbaycanın yeni rəqəmsal arxitekturası' xətti, 2026–2028-ci illər üzrə Fəaliyyət Planı və Rəqəmsal İnkişaf Şurasının koordinasiyası mühüm rol oynayır. Bu yanaşma dövlət qurumları arasında pərakəndəliyin aradan qaldırılmasına imkan verərək ölkəmizi institusional çərçivə altindeksi üzrə dünya birincisi edib".
Onun sözlərinə görə, digital.bridge üzərindən qurumlararası real vaxt rejimində məlumat mübadiləsinin təşkili, Rəqəmsal Sənəd Dövriyyəsi vasitəsilə "kağızsız hökumət"ə keçid və sistemlərin "Hökumət Buludu"nda (G-Cloud) mərkəzləşdirilməsi əldə olunan nəticələrin əsas texnoloji dayaqlarıdır.
E.Abbasov qeyd edib ki, Azərbaycanın Onlayn Xidmətlər İndeksində (OSI) 56 pillə irəliləyərək dünyada 11-ci yerə yüksəlməsi, ABŞ, Böyük Britaniya, Kanada və Norveç kimi ölkələri geridə qoyması, eləcə də xidmətlərin təqdim edilməsi üzrə Estoniya ilə 10-cu yeri bölüşməsi dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində ciddi irəliləyişin göstəricisidir.
"Qərb ölkələrində onilliklər ərzində formalaşmış köhnə İT sistemlərinin vahid məkana inteqrasiyası ləng getdiyi halda, Azərbaycan müasir həlləri birbaşa vahid standartlar üzərindən tətbiq edərək sürətli sıçrayışa nail olub. Eyni zamanda, ümumi reytinqdə 38-ci, onlayn xidmətlərdə isə 11-ci yerdə olmağımız onu göstərir ki, dövlətin rəqəmsal platformaları cəmiyyətin telekommunikasiya infrastrukturu və rəqəmsal savadlılıq göstəricilərini qabaqlayır", - o vurğulayıb.
Ekspertin fikrincə, əldə olunan nailiyyətlər vətəndaşların gündəlik həyatında da özünü göstərir. Belə ki, rəqəmsal xidmətlər reaktiv modeldən proaktiv modelə keçidi sürətləndirir və bürokratik maneələrin aradan qaldırılmasına şərait yaradır.
"Artıq vətəndaş arayış toplamaq üçün qurumlar arasında getmir. Sistemlər digital.bridge vasitəsilə məlumatları özü əldə edir və mygov üzərindən 'bir pəncərə' prinsipi ilə xidmətlər bir neçə kliklə rəsmiləşdirilir. Bu proses əməliyyatların operativ icrasına şərait yaratmaqla yanaşı, məmur-vətəndaş təmasını minimuma endirərək insan faktorunu və subyektiv yanaşmaları azaldır".
O əlavə edib ki, növbəti mərhələdə Azərbaycanın ümumi reytinqdə ilk 20-liyə yüksəlməsi və texnoloji suverenliyini təmin etməsi üçün bir sıra strateji addımların atılmasına ehtiyac var.
"İlk növbədə, mövcud G-Cloud infrastrukturunun və iki dövlət qurumundakı Yüksək Performanslı Hesablama (HPC) mərkəzlərinin potensialı vahid şəbəkədə birləşdirilməlidir. Xarici korporativ lisenziyalardan mərhələli imtina edilməli, açıq mənbə kodlu (open-source) həllərə və yerli İKT şirkətlərinin məhsullarına üstünlük verilməlidir", - ekspert diqqətə çatdırıb.
E.Abbasovun sözlərinə görə, yerli HPC gücləri üzərində Azərbaycan dilini bilən suveren böyük dil modellərinin (LLM) qurulması məlumatların kənar serverlərə ötürülməsi riskini azalda bilər.
"Regionlarda yüksəksürətli internetin genişləndirilməsi və əhalinin rəqəmsal bacarıqlarının artırılması da vacibdir. Bu addımlar bütün ölkə üzrə rəqəmsal bərabərliyin təmin edilməsinə və Azərbaycanın rəqəmsal hökumət sahəsində mövqeyinin daha da güclənməsinə xidmət edəcək".









