Bakıda“NATO-nun Varşava Sammiti: imkanlar və gözləntilər” mövzusunda konfrans keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda“NATO-nun Varşava Sammiti: imkanlar və gözləntilər” mövzusunda konfrans keçirilib

12:55 - 07 / 03 / 2016
Bakıda“NATO-nun Varşava Sammiti: imkanlar və gözləntilər” mövzusunda konfrans keçirilib

Bu gün Bakıda“NATO-nun Varşava Sammiti: imkanlar və gözləntilər” mövzusunda beynəlxalq konfrans keçirilib.

1news.az-ın məlumatına görə, AMEA-nın İnsan Hüquqları İnstitutu və NATO-nun Azərbaycandakı əlaqələndiricisi olan Rumıniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Məclisin deputatları, Fövqaladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi  və Xarici İşlər Nazirliyi, Baş Prokurorluq, Hərbi Prokurorluq, eləcə də, digər nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva və Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Daniel Kristian Çiobanu açaraq son dövrlər dünyada və regionda baş verən siyasi proseslər, Azərbaycan-NATO əlaqələrinin əhəmiyyətindən bəhs ediblər.

Azərbaycanda İnsan Hüquqları İnstitutunun rəhbəri Aytən Mustafayeva bildirib ki, Azərbaycanın çoğrafi yerləşməsi və və buradan keçən infrastruktur marşrutlar ölkənin NATO tərəfdaşı kimi dəyərini daha da yüksəldir.

“Ermənistanla münaqişənin mənfi təsirlərə baxmayaraq, Azərbaycan beynəlxalq təşkilatlarla və müxtəlif yardım proqramlarında iştirak a hazırdır”,- o, qeyd edib.

Rumıniyanın Azərbaycandakı səfiri dünyada və regionda baş verən siyasi hadisələr fonunda Azərbaycan və NATO arasında əlaqələrin əhəmiyyətini vurğulayıb. Bu mənada o, Əfqanıstanda NATO missiyasının fəaliyyətinə Azərbaycanın göstərdiyi köməyi qeyd edib. “Azərbaycan kimi tərəfdaşlar Alyansın uğurunun əsasıdır”, - deyən səfir həmdə ölkənin yük daşımalarındakı potensialına da diqqət çəkib.

“Varşavada keçiriləcək növbəti sammitdə Alyansın üzv ölkələrində kollektiv təhlükəsizliklə bağlı yeni tədbir həyata keçiriləcək. Sammitin fokusunda Alyansın müdafiə mexanizmlərinin möhkəmlədirilməsi və modernləşdirilməsi olacaq”- deyə, səfir qeyd edib.

Tədbirin I bölməsində Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik şöbəsinin müdiri Qaya Məmmədov son illərdə Azərbaycan və NATO arasında əməkdaşlıq istiqamətləri haqqında danışaraq bu əməkdaşlığın inkişafnda hər iki tərəfin maraqlı olduğunu deyib.

Q.Məmmədov Avraasiya məkanında konfransın təsirindən danışıb. O bildirib ki, Azərbaycanın NATO-nun Varşava sammitindən əsas gözləntiləri Alyans ölkələrinin Azərbaycanın müstəqilliyi və suvverenliyi və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vahid və qəti mövdə  olmalarıdır.  

NATO-nun Baş ofisinin Siyasi məsələlər və təhlükəsizlik bölməsinin Avro-Atlantik inteqrasiya və tərəfdaşlıq üzrə aparıcı eksperti Steffen Elgersmanın “NATO əlaqələrinin gələcəyi”, Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin nümayəndəsi Ramil Şükürov NATO proqramlarının effektiv istifadəsi və Azərbaycan hərbi qüvvələrinin təcrübəsi haqqında nitq söyləyib.

Daha sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiqin “NATO Sammitləri: Uelsdən Varşavaya”, AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Siyasi analitika şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlunun “Cənubi Qafqazda həll olunmamış münaqişələr və ekoloji təhlükəsizlik problemi” mövzusunda çıxışları dinlənilib.

Konfransın II bölməsində NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Villiam Lahue Gürcüstan Varşava Sammitində iştirakı və onun gələcək regional təsirləri haqqında məlumat verib. AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Konfliktologiya şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadə Atom Elektrik Stansiyalarının (AES) təhlükəsizlik problemlərindən bəhs edərək Ermənistan ərazisində yerləşən Metsamor AES-in region üçün ciddi təhlükə mənbəyi olmasını faktlarla konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Polşanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Marek Tsalka XXI əsrin ikinci onilliyində NATO-nun üzləşdiyi ənənəvi və müasir problemlərdən bəhs edib.

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Ziya Hacılı NATO-nun müvafiq strukturları ilə Azərbaycan FHN arasındakı əlaqələrin hazırkı səviyyəsi və Mülki-Fövqəladə Planlama çərçivəsində NATO ilə əməkdaşlıqdan qazanılmış təcrübənin əhəmiyyətini diqqətə çatdırıb.

Müzakirələr zamanı Azərbaycan, Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlığın bir sıra aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar müzakirə olunan məsələ ilə bağlı təklif və mülahizələrini bildiriblər.

Konfransın sonunda AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva Azərbaycan və NATO-nun bugünkü əməkdaşlığından və Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasındakı əməkdaşlığın gələcək perspektivlərindən bəhs edərək bu əməkdaşlığın ölkəmiz üçün  əhəmiyyətini, Azərbaycan və NATO-ya üzv olan ölkələr arasındakı tərəfdaşlıq potensialının daha da gücləndiriləcəyinə inandığını  qeyd edib.

1news.az

Paylaş:
889

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər