Mozambik sahillərində iki il əvvəl itmiş “Boeing”in qalıqları tapılıb – FOTO
Mozambik sahillərində iki il bundan əvvəl Hind okeanında itmiş “Malayziya Hava Yolları”na məxsus “Boeing-77-200” təyyarəsinə aid qalıqlar tapılıb.
1news.az-ın məlumatına görə, bu barədə ərazidə araşdırma aparan Avstraliyadan olan mütəxəssislər məlumat veriblər.
Avstraliyanın infrastrukturun inkişafı və nəqliyyat naziri Darren Çester bildirib ki, Şərqi Afrika sahillərində bu parçaların aşkar edilməsi Avstraliya Dövlət Elmi və Tətbiqi Təhqiqatlar Birliyinin (CSIRO) mütəxəssisləri tərəfindən tərtib edilmiş okean axınlarının modelinə də uyğun gəlir və itmiş laynerin Hind okeanın cənubunda axtarışının düzgünlüyünü təsdiq edir.
Qeyd edək ki, “Malayziya Hava Yolları”na məxsus “Boeing-777-200” sərnişin təyyarəsi 2014-cü il martın 7-dən 8-ə keçən gecə Kuala Lumpur-Pekin reysini həyata keçirərkən radarların ekranlarından itib. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.
Ötən ilin yanvarında Malayziya hökuməti təyyarənin qəzaya uğradığını və göyərtədəki sərnişinlərin həlak olduğunu təsdiq edib.
1news.az