Beynəlxalq münasibətlər sistemi və təhlükəsizlik: yeni məzmun çalarları - Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Beynəlxalq münasibətlər sistemi və təhlükəsizlik: yeni məzmun çalarları - Newtimes.az

21:57 - 08 / 04 / 2016
Beynəlxalq münasibətlər sistemi və təhlükəsizlik: yeni məzmun çalarları - Newtimes.az

Bəşəriyyət hələ də ciddi təhdidlərlə üz-üzədir. Son zamanlar baş verən bir sıra təhlükəli proseslər beynəlxalq münasibətlər sisteminin zəif cəhətləri ilə qlobal miqyasda təhlükəsizliyin təmini arasında əlaqələrin təhlilini daha da aktuallaşdırıb.

Bu sırada ekspertlər Suriya üzrə danışıqlara, Ukraynada vəziyyətə, Avropada baş verən terror aktlarına və Yaxın Şərqdə özünü göstərən digər proseslərə eyni mövqedən yanaşmağa çalışırlar. Həmin faktorların fonunda beynəlxalq münasibətlər və təhlükəsizlik sisteminin formalaşması qarşısına çıxa biləcək maneələrin təhlili də maraq doğurur. Dünya növbəti ziddiyyətlər dalanınamı dirənib? Böyük dövlətlər bu vəziyyətdə hansı rolu oynaya bilərlər? Bu kimi suallara cavab axtarmaq faydalı olardı.

Fərqli yanaşmalar: ziddiyyətlər və qarşıdurmalar

Suriya üzrə danışıqların növbəti mərhələsinin başa çatması, Ukraynanın şərqində zaman-zaman hərbi toqquşmaların olması və Avropada terrorun yeni dalğasının özünü göstərməsi fonunda mütəxəssislər qlobal təhlükəsizlik haqqında yenidən fikir yürütməyə başlayıblar. "Qlobal təhlükəsizlik" dedikdə, beynəlxalq münasibətlər sisteminin və ekoloji situasiyanın dünyada sabitliyi poza biləcək təhlükələrdən müdafiəsi, bəşəriyyətin böhrana düşməsinin qarşısının alınması nəzərdə tutulur. Bu ümumi tərif altında bir sıra konkret faktorların təmin edilməsi zərurəti əsaslandırılır.

Onların sırasında ayrı-ayrı dövlətlərin, onların yaratdığı birliklərin, blokların həyati maraqlarının müxtəlif təhlükələrdən təminatlı qorunması mühüm yer tutur. Bundan başqa, dünyada hərbi-strateji dayanıqlığın qorunub saxlanması, meydana gələ biləcək təhlükələrin önlənməsi üçün müxtəlif təşkilati, müdafiə və texniki proqramların yerinə yetirilməsi diqqətə alınır (bax: məs., Война и мир в терминах и определениях/Под общей редакцией Дмитрия Рогозина. М.: ПоРог, 2004, 624 с.).

Yuxarıdakı fikirlərdən görünür ki, "qlobal təhlükəsizlik" anlayışına yanaşmada müəyyən ziddiyyətlər vardır. Çünki söhbət ayrı-ayrı bloklardan və birliklərdən gedirsə və təcrübənin də göstərdiyi kimi, onlar arasında nəyin təhlükə hesab edilməsi ilə bağlı fikir ayrılığı varsa, ortaq mövqe formalaşdırmaq çox çətin olur. Deyək ki, NATO üçün KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) təhlükə saydığı faktorlar normal hesab edilə bilər və əksinə. Yaxud ABŞ-ın təhdid hesab etdiyi müxtəlif təbiətli faktorlar Çin üçün təhdid kimi görünməz və s.

O cümlədən Yaxın Şərqdə baş verən hadisələr göstərdi ki, müsəlman dövlətlərinə təhlükə hesab edilən prosesləri Qərb "şəffaflaşma", "avtoritarizmdən yaxa qurtarma", "demokratikləşmə" kimi qiymətləndirir. Eyni məntiqlə, müsəlman dövlətləri üçün dövlətçiliyin parçalanması anlamına gələn etnik-separatçı hərəkatı Qərb və Rusiya "xalqların azadlıq hərəkatı" kimi qələmə verirlər (məsələn, sünni ölkədə şiələrin üsyanları, şiə dövlətində sünnilərin üsyanları və yaxud kürdlərin silahlı qruplarının hətta terrorla müşahidə edilən hərəkətləri və s.).

Bunlara daha ciddi faktorları da əlavə etmək gərəkdir. Biz, bir dövlətin başqa müstəqil ölkənin ərazisini işğal etməsinə beynəlxalq təhlükəsizliyin "meyarlarından" yanaşanların ikili münasibətini nəzərdə tuturuq. Belə ki, beynəlxalq münasibətlərdə hər bir dövlətin sərhədlərinin toxunulmaz olduğu qəbul olunub. Böyük ölkələr bu maddədən istifadə edərək, maraqlarına toxunan ən kiçik hadisəyə belə sərt reaksiya verirlər. Məsələn, ABŞ Afrikada, Asiyada, Latın Amerikasında, Yaxın Şərqdə öz milli maraqlarını təmin etmək adı altında istənilən tədbirə əl atır. Halbuki həmin ərazilər onun coğrafi sərhədlərindən min kilometrlərlə uzaqdadır.

Eyni qayda ilə öz sərhədlərindən on min kilometrlərlə uzaqda olan Suriyada Rusiya milli maraqlarının qayğısına qalır. İndi Rusiya KİV-i Suriyada iki minə qədər silahlının məhv edilməsini təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan təbii addım kimi qələmə verir, arqument kimi onların, əsasən, Rusiya vətəndaşları olub terrorçulara qoşulduğunu gətirir.

Bunlar günümüzün reallıqlarıdır. Təəssüf ki, həmin həqiqətləri Qərbdə açıq etiraf etməyə cəsarəti çatan analitik və ya ekspertlərə rast gəlinmir. Rusiyada ara-sıra bunu ifadə edənlər tapılır, ancaq onlar da dərhal vətən xaini, düşmən elan edilib, kənara atılırlar. Belə bir şəraitdə beynəlxalq təhlükəsizlikdən real və ədalətli surətdə hansı mənada danışmaq olar?

Vahid mövqe: real faktlar və ikili standartlar fonunda

Bunların işığında ABŞ dövlət katibi Con Kerrinin Moskva səfərində Ukrayna, Suriya, Liviya, Yəmən, Şimali Koreya məsələlərini, strateji sabitlik və silahlara nəzarət problemlərini, beynəlxalq terroru müzakirəsi hansı anlama gəlir? (bax: Керри в Москве: визит на фоне терактов и завершения диалога по Сирии / "РИА Новости", 24 mart 2016). Sualın asan cavabı yoxdur, lakin real faktlar müstəvisində həssas məqamları kifayət qədərdir.

Məsələn, Cenevrədə Suriya ilə bağlı aparılan danışıqlarda çətinliklər meydana gəldiyi haqqında informasiyalar yayılır. BMT təmsilçisi Staffan dö Mistura bəyan edib ki, ABŞ və Rusiya situasiyaya müdaxilə etməlidir. Danışıqlarda iştirak edən tərəflər arasında fikir ayrılığı çoxdur. Buna Moskva belə reaksiya verib ki, Suriyada sülhə hələ çox var, danışıqlar uzun sürəcək. Vaşinqton da eyni mövqedədir. Bu halda Suriyada sabitliyin bərpa olunacağı, hərbi toqquşmaların dayandırılacağı haqqında danışmaq tezdir. Üstəlik, İŞİD müxtəlif üsullarla Avropaya sızmağa çalışır. Onların terror aktlarını davam etdirəcəyi haqqında proqnozlar mövcuddur. Eyni dərəcədə təhlükə Rusiyanı da gözləyir.

Belə çıxır ki, beynəlxalq təhlükəsizliyi təmin etməkdən danışmaq risklidir. Hələlik böyük dövlətlər öz maraqlarını təmin etmək uğrunda mübarizəni davam etdirirlər. Digər tərəfdən, təhlükəsizliyin özünə ikili yanaşma qalmaqdadır. Bu müstəvidə dünyanın ciddi təhdidlərlə üz-üzə qalmaqda davam etməsini proqnozlaşdırmaq mümkündür.

Maraqlıdır ki, təhlükəsizlik haqqında fikir bildirən Qərb ekspertləri vahid mövqedən beynəlxalq terrora qarşı mübarizə aparmaq şansının hələ az olduğunu vurğulayırlar. Sanki ayrı-ayrılıqda hər bir dövlət özü öz təhlükəsizliyi haqqında düşünür. Bəs əsas maneə nədən ibarətdir? Mütəxəssislər bu kontekstdə hətta böyük dövlətlər arasında hansı qrupların terrorçu kimi tanınması ilə bağlı mövqelərin fərqli olduğunu vurğulayırlar. Məsələn, İŞİD-i bütün Qərb və Rusiya terror qrupu kimi qəbul edir. Lakin elə qruplaşmalar da vardır ki, Vaşinqton üçün deyil, yalnız Rusiya üçün terrorçudur. Hətta İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani üçün terrorçu olan qrupa Amerika sahib çıxır. M.Bərzani PYD ilə PKK-nın eyni mahiyyətli olduğunu bəyan edib, rəsmi Vaşinqton isə bu fikri qəbul etmir, "sadəcə ona hörmətlə yanaşır" (bax: ABD: PYD'yi terör örgütü olarak değerlendirmiyoruz/"Habertürk", 23 mart 2016).

Belə çıxır ki, Yaxın Şərqdə fəaliyyət göstərən qruplara münasibətdə dünya birliyində vahid mövqe yoxdur. Onda həmin regionda terrorun hələ davam edəcəyini proqnozlaşdırmaq olar. Üstəlik, İŞİD kimi amansız qrupların fəaliyyətini Avropa və Rusiyaya yaymaq strategiyasını seçdiyini unutmaq olmaz. Bu məqam beynəlxalq təhlükəsizlikdə yeni mərhələnin başlaya biləcəyi anlamına gəlir. Konkret olaraq, terror dalğasının Yaxın Şərqin sərhədlərindən kənara çıxaraq, böyük bir geosiyasi məkanda özünü göstərməyə çalışacağını demək mümkündür. Bu da özlüyündə beynəlxalq təhlükəsizlik sistemini formalaşdırmaq üçün aparılan siyasətə yeni çalarlar əlavə etməyin zəruri olduğunu göstərir. Bunun yolu isə beynəlxalq münasibətlər sisteminin yeniləşməsindən keçir. Bu barədə böyük dövlətlər arasında düşünəni varmı? Hələlik bu suala müsbət cavab vermək çox çətindir. Sanki problemin bu mühüm aspekti yaddan çıxıb.

Lakin birmənalı aydındır ki, dünya yeni dönüş nöqtəsinə çatıb. Beynəlxalq təhlükəsizliyin təmini artıq ranqından asılı olmayaraq bütün dövlətlər üçün real məzmun kəsb etməyə başlayıb. İndi, deyək ki, Suriya və İraq qədər ABŞ da, Almaniya da, Fransa da, Rusiya da terrora qarşı həssas məkana çevrilib. Şübhə etmirik ki, bu, illərdir yeridilən ikili standartlar siyasətinin nəticələrindən biridir. Ancaq geriyə də yol yoxdur. Dünya dövlətləri səmimi, ədalətli, obyektiv, ayrı-seçkilik etmədən təhdidlərə qarşı birləşməlidirlər. Buna nail olmaq üçün digər faktorlarla yanaşı, terror qrupları arasında fərq qoymamaq da gərəkdir. Böyük dövlətlərin buna vicdanı və cəsarəti çatacaqmı? Bunu zaman göstərəcək.

Newtimes.az

 

Paylaş:
833

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər