Türkiyədə antiterror əməliyyatları davam etdirilir
Türkiyə Silahlı Qüvvələrinin qırıcıları ölkənin Şırnak və Haqqari bölgəsində PKK terrorçularının düşərgələrini dəqiq hədəflərlə bombalayıb. Bundan başqa, Kliç bölgəsindən İŞID terrorçu qruplaşmasının Suriya ərazisindəki hədəfləri top mərmiləri ilə vurulub.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç nəfər İŞID mənsubunun öldürüldüyü bildirilir.
Qeyd edək ki, son günlər İŞID terrorçuları dəfələrlə Suriya ərazisindən Türkiyənin Kliç bölgəsindəki yaşayış məntəqələrinə raketlərdən atəş açıblar. Dinc əhali arasında ölən və yaralananlar olub. Yaşayış binalarına və iaşə obyektlərinə zərər dəyib. Mayın 4-də səhər saatlarında da İŞID tərəfindən Kliçə raket zərbələri endirilib.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, mayın 4-də gecə saatlarında PKK tərəfdarları Türkiyənin Mardin-Derik rayonunda daha bir ağır terror aktı törədiblər. Bomba yüklü avtomobilin partladılması nəticəsində bir hərbçi həlak olub, dördü yaralanıb. Bölgədə antiterror əməliyyatları davam etdirilir.
1news.az