TAP-ın kompressor stansiyalarını İtaliya və Yunanıstanın birgə müəssisəsi inşa edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

TAP-ın kompressor stansiyalarını İtaliya və Yunanıstanın birgə müəssisəsi inşa edəcək

21:12 - 04 / 05 / 2016
TAP-ın kompressor stansiyalarını İtaliya və Yunanıstanın birgə müəssisəsi inşa edəcək

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin kompressor stansiyalarını İtaliyanın “Renco S.p.A” və Yunanıstanın “Terna S.A.” birgə müəssisəsi inşa edəcək.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə boru kəmərinin operatoru TAP AG-nin saytında məlumat verilir. Bildirilir ki, TAP AG boru kəməri üzrə kompressor stansiyalarının Mühəndislik, Təchizat və Tikintisi (EPC) layihəsi üçün elan olunan tenderin qalibi “Renco S.p.A” və “Terna S.A.” birgə müəssisəsini qalib seçib və müqavilə imzalanıb. Müqavilə Yunanıstanda, Türkiyə-Yunanıstan sərhədi yaxınlığındakı Kipoi məntəqəsində bir kompressor stansiyasının mühəndislik, təchizat, tikinti və istismara verilməsini əhatə edir. Müqavilə üzrə Albaniyanın Fier adlı ərazisində bir kompressor stansiyasının mühəndislik, satınalma, tikintisi, o cümlədən Biliştdə bir ölçü stansiyasının istismara verilməsi planlaşdırılır. Ölçü stansiyası TAP-ın Yunanıstan hissəsindən gələn təbii qazın ölçülməsi üçün nəzərdə tutulub.

Kompressor stansiyalarının tikintisinə 2016-ci ilin ikinci yarısında başlanılması planlaşdırılır və təxminən iki ilə tikiləcək. Kompressor stansiyaları insanların məskunlaşdığı ərazilərdə sağlamlıq və təhlükəsizlik üzrə ən yüksək beynəlxalq standartlara uyğun inşa ediləcək, ətraf mühitə və yerli icmalara minimum təsir edəcək.

Qeyd edək ki, TAP boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qaz Avropaya nəql ediləcək. Uzunluğu təxminən 878 kilometr olan TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).

1news.az

 

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər