“Metsamor AES” – Qafqazın barıt çəlləyi – TƏHLİL | 1news.az | Xəbərlər
Ermənistan

“Metsamor AES” – Qafqazın barıt çəlləyi – TƏHLİL

15:48 - 13 / 05 / 2016
“Metsamor AES” – Qafqazın barıt çəlləyi – TƏHLİL

Ermənistanın tək Azərbaycanın deyil, ümumilikdə Qafqaz regionunun başabəla ölkəsi olması hər kəsə yaxşı məlumdur.

Bu dövlətin öz maraqları naminə region üçün yaratdığı saysız hesabsız təhlükələrdən biri də artıq istifadə müddəti başa çatmış, buna baxmayaraq hələ də fəaliyyətini davam etdirən “Metsamor” Atom Elektrik Stansiyasıdır.

Məlumat üçün bildirək ki, “Metsamor” AES –in tikintisi barədə qərar SSRİ rəhbərliyi tərəfindən 1967-ci ildə qəbul olunub. AES-in tikintisinə 1973-cü ildə Yerevandan 40 km aralıda yerləşən Metsamor şəhərində başlanılıb. AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlansa da, 1986-cı  ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra bu proses dayandırılıb.

1988-ci ildə Metsamordan 75 km aralıda yerləşən Spitakda baş vermiş zəlzələdən sonra 1989-cu il yanvarın 15-də AES-in fəaliyyəti dondurulub.

Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edir və 1995-ci ildə 2-ci enerji bloku işə salınır. Bu stansiya regionda birinci nəsil tipli ВВЭР-440 tipli Rusiya istehsalı olan reaktorla təchiz edilib. Hazırda AES-in ikinci enerji bloku fəaliyyətdədir.

Təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini yaşayan Azərbaycan əslində nüvə terrorizmi və radiasiya riski ilə də üz-üzədir. Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarında nüvə tullantıları basdırması, “Metsamor” AES-in radiasiya tullantılarının Araz çayı vasitəsilə Xəzər dənizinə axıdılması inkar edilməz faktlarla təsdiqini tapıb. İşğal altında olan Azərbaycan əraziləri qadağan olunan nüvə məhsullarının tranzit daşınmasında da böyük risklər yaradır. Bundan başqa, artıq istismar müddəti keçmiş “Metsamor” AES-in güclü seysmik ərazidə yerləşməsi təhlükə riskini daha da artırır.

Ən son məlumatlara görə, Ermənistan “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilədək uzatmaq niyyətindədir və bu barədə hökumət qərar qəbul edib. Xüsusi olaraq qeyd etməliyik ki, “Metsamor” AES-in Azərbaycan, Türkiyə və İran üçün yaratdığı real təhlükənin ümumi ərazisi mövcud Ermənistandan təxminən iki dəfə böyükdür.

Qeyd edək ki, “Metsamor” AES-in region üçün təhlükə mənbəyi olmasını ermənilərin özləri də etiraf edirlər. Misal üçün, bu ölkənin “Ekolur” təşkilatı Ermənistanın Səhiyyə və Fövqəladə Hallar nazirliklərinə müraciət edərək yaranmış böhranlı vəziyətdən çıxış yolu tapmaq üçün ölkə rəhbərliyini hərəkətə keçməyə çağırıblar.

Qeyd edək ki, bu il martın 31-dən aprelin 1-dək Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti zamanı da AES-lərin yarada biləcəyi təhlükələrə diqqət çəkildi.

Əllidən çox ölkələrin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas istiqamətləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, həmçinin atom elektrik stansiyalarının (AES) ümumi mühafizəsinin gücləndirilməsi, texniki və təbii təhlükələrə qarşı dayanaqlığının gücləndirilməsi, radioaktiv mənbələrin təhlükəsizliyinə dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olundu.

Sammitin nəticəsinin necə olmasından asılı olmayaraq bir fakt dəqiqdir ki, ciddi iqtisadi və siyasi sıxıntı keçirən Ermənistan regionun barıt çəlləyinə çevrilən “Metsamor” AES-in fəaliyyətini dayandırmaq fikrində deyil. Bu isə qonşu ölkələri, o cümlədən rəsmi Bakını narahat etməyə bilməz.

İndi isə “Metsamor” AES-in yaratdığı və yaxud yarada biləcəyi təhlükələrə daha yaxından nəzər salaq. Əvvəla qeyd edək ki, “Metsamor” AES köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilib. Reaktorlarda qəzanın baş verməsi və ciddi qəza baş verməsi ehtimalı çox böyükdür. Ermənistan dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərini qulaq ardına vuraraq onun istifadəsi müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul edib. Bu da regionun daha 10 il ciddi təhlükə altında yaşayacağını göstərir.  

İkincisi, “Metsamor” AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. Metsamor AES-in ətrafında 5 tektonik qırılma mövcuddur ki, onlardan da biri stansiyadan cəmi 500 metr aralıda yerləşir. 1988-ci ildə Spitakda baş vermiş zəlzələ bu stansiyanın fəaliyyətinin region üçün böyük təhlükə yaratdığını əyani şəkildə təsdiq edir.

Üçüncüsü, ekspertlər hesab edirlər ki, AES-də təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir. 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra ciddi səylər göstərildikdən sonra söndürülüb. Bundan sonrakı dövrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, AES-in müasir  təhlükəsizlik avadanlıqları ilə təchiz edilməsi istiqamətində heç bir addım atılmayıb.

Dördüncüsü, “Metsamor” AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Qəza nəticəsində radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisi üçün böyük təhlükə yaradacağı şübhəsizdir.

Beşincisi, “Metsamor” AES-in Ermənistanda yerləşməsi nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar dəstələrin regiona diqqətini artırır. Artıq ermənilərin radioaktiv materialları ölkədən çıxararaq müxtəlif cinayətkar qruplara satmaq cəhdlərinə dair onlarla fakt mövcuddur. Belə materialların Əl-Qaidə və İŞİD kimi beynəlxalq terror qruplarının əlinə düşəcəyi təqdirdə “çirkli bombaların” hazırlanması və istifadəsi riski kifayət qədər ciddiləşir.

Altıncısı, “Metsamor” AES-in nüvə tullantılarının Azərbaycanın işğal altında olan ərazilərində basdırılması ehtimalı böyükdür.  Həmçinin, bu tullantıların qismən Kür və Araz çaylarına axıdılması ehtimalı da istisna edilmir.

Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistanda AES-in mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırmaqla yanaşı, onların işğal altında Azərbaycan ərazilərində sərbəst fəaliyyəti  üçün əlverişli şərait yaradır. Ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Belə materialların İŞİD və Ə-Qaidə kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə dünyanın bir çox ölkələrinin ciddi fəlakətlə üzləşəcəyi şübhə doğurmur.

Həmin faktların bəzilərini diqqətinizə çatdırırıq:

- 1999-ci il mayın 22-də Ukraynanın Bereqovo  şəhərində iki erməni 20 kq U-235  az zənginləşdirilmiş uran filizi satmağa cəhd göstəriblər və bu ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Ermənilər uranın 1 kq üçün 35 000 dollar tələb ediblər.

- 2001 dekabrın 19-da  Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində kəşfiyyat əməliyyatı zamanı 300 qram az zənginləşdirilmiş uran ələ keçirilib. Araşdırma nəticəsində həmin materialın Ermənistandan gətirildiyi müəyyən olunub.

- 2003-cü il iyunun 26-da Ermənistan vətəndaşları qaçaqmalçılıq yolu ilə 170 qram yüksək zənginləşdirilmiş uran U-235-i Ermənistan-Gürcüstan sərhədindən (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) keçirməyə çalışıblar. Saxlanılan Ermənistan vətəndaşı Qarik Dadadyanın üzərində 170 qram uran aşkarlanaraq götürülüb. Dadadyan Ermənistana təhvil verilib, ona qarşı cinayət işi açılıb və həmin şəxs cəmi 2.5 il müddətinə azadlıqdan məhrum olunub. Bu fakt radioaktiv qaçaqmalçılıqla məşğul olan ermənilərin hakimiyyət dairələri tərəfindən müdafiə olunduğuna işarədir.

- 2003-ci il dekabrın 29-da Ermənistan-İran sərhədində Meqri nəzarət-buraxılış məntəqəsində Ermənistanın “Metsamor” AES-dən çıxarılan Stronsium-90 radioaktiv maddənin konteyneri saxlanılıb. Spektral təhlil göstərib ki, obyekt yüksək radioaktivliyə malikdir.

- 2004-cü il martın 13-də  Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistan vətəndaşı radioaktiv materiallarla saxlanılıb. Lakin məsələ ictimailəşdirilməyib.

- 2007-ci il oktyabrın 24-də  Gürcüstan-Türkiyə sərhədində (Sarpi nəzarət-buraxılış məntəqəsi) xüsusi düzəldilmiş qızıl konteynerdə 2,04 qram Lourensiy-103 maddəsi aşkarlanıb və buna  görə 4 Ermənistan vətəndaşını saxlanılıb.

- 2009-cu il avqustun 26-28-də Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistanın Qerarkunik vilayətinin Noratus kənd sakininə məxsus olan avtomobildə Sezyum-137 maddəsinin izləri aşkarlanıb. Lakin maddənin özü tapılmayıb və buna görə də sərnişinlər azad edilərək Ermənistana qaytarılıblar.

- 2010-cu ilin martında  Tbilisidə biznesmen Smbat Tonoyan və Yerevan Fizika İnstitutunun əməkdaşı Qrant Ohanyan radioaktiv materialların alverində şübhəli bilinərək saxlanılıblar. Onların üzərindən 89 faiz zənginləşdirilmiş 18 qram uran aşkar olunaraq götürülüb. Tbilisidə məhkəmə prosesi zamanı müəyyən edilib ki, Tonoyan potensial alıcıdan 120 qram zənginləşdirilmiş uran üçün  əvvəlcə 8 milyon dollar tələb edib, lakin sonradan 1,5 milyon dollara qədər qiyməti azaldıb. 18 qram məhsul nümunə kimi alıcıya nümayiş etdirilməli idi. Müsadirə edilmiş uranı Tonoyana 2003-ci ildə Gürcüstanda uran qaçaqmalçılığına görə həbs edilən Ermənistan vətəndaşı Qarik Dadadyan verib. 2003-cü ildə radioaktiv materialların qaçaqmalçılığı faktına görə məhkum olunmuş bu şəxs yüngül həbs cəzası çəkdikdən sonra yenidən öz fəaliyyətini davam etdirib.

- 2010-cu il sentyabrın 16-da Tbilisisi hava limanında bir üzvü erməni olan cinayətkar qrup saxlanılıb. Saxlanılmış şəxslərin üzərindən 0,0004 kiloqram plutonium (Pu) və 0,00008 kiloqram az zənginləşdirilmiş uran aşkarlanaraq götürülüb. Araşdırma zamanı cinayətkarların radioaktiv materialları satmağı planlaşdırdıqları müəyyən edidlib.

- 2014-cü ilin avqustunda Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni Gürcüstana keçirməyə cəhd göstərən iki erməni həbs edilib.

- 2016-cı ilin yanvarında Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni sərhəddən keçirməyə cəhd göstərən üç erməni həbs edilib.

- 2016-cı ilin aprelində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən üç Ermənistan vətəndaşı və üç Gürcüstan vətəndaşı 200 qram Uran-238-i satmaq cəhdinə görə həbs edilib. Müəyyən olunub ki,  Ermənistandan olan üç nəfər əvvəllər Metsamor AES-də işləyiblər. Bu qrup radioaktiv materialı Yaxın Şərq ölkələrinə satmağı planlaşdırırmış.

Göründüyü kimi, “Metsamor” AES tək Qafqaz regionu üçün deyil, ümumilikdə, dünya üçün böyük təhlükə mənbəyidir. Ciddi böhran keçirən, əhalisini enerji ilə təmin etmək iqtidarında olmayan Ermənistan rəhbərliyinin isə AES-in fəaliyyətini dayandırmaq fikrində olmadığı gün kimi aydındır. Nə qədər ki, beynəlxalq təşkilatlar rəsmi İrəvanın cinayətkar əməllərinə, “Metsamor” AES-in fəaliyyətinə göz yumacaqlar, gələcəkdə hər hansı bir fəlakətin baş verməsi qaçılmaz olacaq.

Paylaş:
5358

Son xəbərlər

Bütün xəbərlər