Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə vahid tarif müəyyən edilib
Mayın 17-də Tbilisidə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Şurasının növbəti iclası keçirilib, vahid tarif müəyyən edilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, iclasda şuraya yeni üzvlərin qəbulu, vahid pəncərə və rəqabət qabiliyyətli vahid tarif sistemlərinin tətbiqi məsələləri müzakirə olunub, təşkilati məsələyə baxılıb.
Ukraynanın “UkrFerri” və Rumıniyanın “Transloqist” şirkətləri şuraya üzv qəbul ediliblər.
Sonda yekun protokol imzalanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov jurnalistlərə müsahibəsində deyib: “Bildiyiniz kimi mövcud Transxəzər dəhlizi Azərbaycan, Gürcüstan və Qazaxıstanın birgə təşəbbüsü ilə yaradılıb. “Azərbaycan Dəmir Yolları” QSC, “Xəzər Dəniz Gəmiçiliyi” QSC, Qazaxıstan Dəmir Yolları, Gürcüstan Dəmir Yolları və Poti Liman Birliyi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Koordinasiya Şurasının üzvləridirlər. Bu şuraya maraq daha artır və bu iclasda Ukraynanın və Rumıniyanın müvafiq şirkətləri sıralarımıza qatıldılar. Əsas məqsədimiz Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin artırılmasına nail olmaqdır və biz, buna nail oluruq”.
İclasda müzakirə olunan digər vacib məsələlərdən biri də beynəlxalq daşımalarda vahid pəncərə və vahid tarif sistemlərinin tətbiqi məsələsi olub.
C.Qurbanov bildirib ki, iclasda hər iki məsələ öz müsbət həllini tapıb. Vahid tarif müəyyən edilib və tariflər bir qədər aşağı salınıb. Bundan sonra Azərbaycandan, Gürcüstandan Çinə, eləcə də əks istiqamətdə hərəkət edən, yük aparan vaqonlar bir dəfə vergi ödəyəcəklər. Eyni zamanda, iclasda tək gələn vaqonlar üçün də yeni tariflər tətbiq olunacaq. Bu sistemlərin tətbiqi, tək vaqonların və konteynerlərin daşınmasında da imkan yaradacaq. Bu isə öz növbəsində sahibkarlığın inkişafına və beynəlxalq daşımaların həcminin artmasına səbəb olacaq.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyev iclasın nəticələrini yüksək qiymətləndirib. O deyib: “Bu şura iki ildir fəaliyyət göstərir və ötən müddətdə biz müəyyən müsbət nəticələr əldə etmişik. Bu dəhliz vasitəsilə beynəlxalq tranzit daşımalarına maksimum yaxşı şərtlərin müəyyən edilməsi, vahid pəncərə sisteminin tətbiqi və onlar üçün münbit şəraitin yaradılması qarşıda duran əsas məqsədlərdəndir. Biz artıq buna nail oluruq”.
R.Vəliyevin sözlərinə görə, Xəzər Dəniz Gəmiçiliyi bu daşımalarda xüsusi rol oynayan təşkilatdır və Xəzər dənizində yeganə bərə operatorudur. Dəniz yolu ilə 511 kilometr Bakı-Aktau istiqamətində marşrutla daşınmalar məhz bizim bərələr vasitəsilə həyata keçirilir:
“Ümid edirik ki, artıq Çin sərhədlərindən Poti limanı və ya Qara dənizə qədər deyil, Avropanın digər ölkələrinə qədər yük daşımalarını həyata keçirəcəyik”.
1news.az